×
A
A
A
Sazlamalar

Oktyabrda OPEC üzrə hasilat artıb

Bakı, 13 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Oktyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in neft hasilatı oktyabrda sentyabr ayı ilə müqayisədə 127 min barrel artaraq gündəlik 32 milyon 900 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 33 faiz səviyyəsində qalıb.
Ötən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Liviya və Anqola olub. Birləşmiş Ərəb Əmirliklərində gündəlik istehsal 142 min barrel artaraq 3 milyon 160 min barrel olub. Sutkalıq neft hasilatı Səudiyyə Ərəbistanında 127 min barrel çoxalaraq 10 milyon 630 min barrelə çatıb. Liviyanın gündəlik xam neft istehsalı 60 min barrel artaraq 1 milyon 114 min barrel, Anqolanın hasilatı isə 22 min barrel çoxalaraq sutkada 1 milyon 533 min barrel olub.
Oktyabrda OPEC-ə üzv ölkələrdə neft istehsalı ən çox İran, Venesuela, Küveyt və Nigeriyada azalıb. İranın gündəlik neft istehsalı 156 min barrel azalaraq 3 milyon 296 min barrelə düşüb. Venesuelanın hasilatı 40 min barrel geriləyərək sutkada 1 milyon 171 min barrel, Küveytdə 33 min barrel azalaraq gündəlik 2 milyon 764 min barrel təşkil edib. Nigeriyada isə neft istehsalı ötən ay 17 min barrel azalaraq 1 milyon 751 min barrelə düşüb.
Keçən ay dünyada fəaliyyətə başlayan neft qazma qurğularının sayı 2 min 355 olub və onların 568-i OPEC-ə üzv ölkələrdədir.

Neft - qaz 2018-11-13 16:40:00