×
A
A
A
Sazlamalar

Bakıda turizm sahəsində ilk dəfə Startup yarışı keçiriləcək

Bakı, 13 noyabr, AZƏRTAC

Bakıda “Asan xidmət”in İnnoland İnnovasiyalar və “Next Step” İnnovasiyalar Mərkəzinin təşkilati dəstəyi ilə “Startup Weekend” adlı travel yarışı keçiriləcək.
Bu barədə AZƏRTAC-a “Next Step” İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov məlumat verib. Onun sözlərinə görə, noyabrın 16-da başlanacaq tədbirə noyabrın 18-də yekun vurulacaq.
“Ölkəmizdə startup ekosistemi addım-addım inkişaf etməkdədir və bu prosesə qoşulan gənclərin sayının artması zəruridir. Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalar ilə səyahət sahəsində marağı olan gənclər, marketerler, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startuplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalibi olan ideya isə keçiriləcək böyük finalda iştirak etmə şansı qazanır. Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək. İştirakçılar üç gün ərzində mentorlardan biznes məsləhətləri və tövsiyələrini də dinliyə biləcəklər”, - deyə Rəşad Eyvazov bildirib.
Qeyd edək ki, yarış ölkəmizdə “Azerbaijan Tourism Board”, “Paşa Travel” və “Coca-Cola Bottlers” LTD şirkətinin dəstəyi ilə reallaşacaq.

Turizm 2018-11-13 16:31:00