×
A
A
A
Sazlamalar

Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb

Bakı, 13 noyabr, AZƏRTAC 

Folklor milli-mənəvi sərvətlərimizin, milli təfəkkürümüzün xəzinəsidir. Folklorda həm ümummilli ideyalar, həm də milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb. Milli dövlətçilik ideyalarının, sabit milli-mənəvi dəyərlərin təzahür etdiyi və qorunduğu folklor xalqın tarixi dövlətçilik ənənələrini müxtəlif obraz, süjet və motivlərdə yaşadır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər noyabrın 13-də AMEA-nın Folklor İnstitutunun Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar “Folklor və dövlətçilik” mövzusunda təşkil etdiyi III respublika elmi konfransında səsləndirilib.
Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il mayın 16-da imzaladığı Sərəncama əsasən keçirilib. Konfransın təşkilində əsas məqsəd Azərbaycan dövlətçilik ənənələrinin uzaq və yaxın tarixinə, onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təhlilinə diqqəti artırmaqdır.
Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının inkişaf xüsusiyyətlərindən və elmi problemlərindən danışan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, milli dövlətçiliyin bərpası milli mədəniyyəti və mənəvi dəyərləri öyrənən elm sahələrinin inkişafına xüsusi şərait və imkan yaradıb. İ.Həbibbəyli Azərbaycanın ilkin dövlətçilik modelinə tarixi folklor nümunələrində rast gəlindiyini deyib. Qeyd edib ki, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında dövlətin bütün zəruri atributlarını tapmaq mümkündür. Akademik milli dövlətçilik ideyalarının tarixən folklorun müxtəlif obraz, süjet və motivlərində yaşadılmasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün zəruri mənəvi əsas formalaşdırdığını bildirib.
AMEA-nın vitse-prezidenti respublikada milli-mənəvi dəyərlərin, o cümlədən azərbaycançılıq və milli dövlətçilik ideyalarının elm və ədəbiyyatda təzahürü istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov konfransın əhəmiyyətindən, folklorda qorunan dövlətçilik ənənələrindən, Azərbaycanda milli mədəni dəyərlərə dövlət qayğısından bəhs edib. Qeyd olunub ki, respublikamızın müxtəlif elm və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri konfransda 50-dən artıq məruzə dinləniləcək. M.İmanov müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının xalqımızın dövlətçilik tarixində yeni - demokratik respublika mərhələsinin başlanğıcı olduğunu söyləyib. Qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin rəhbərliyinin diqqət yetirdiyi başlıca məsələlərdən biri də milli mədəniyyətin yaranması və qorunub saxlanması olub. Akademik qısa zamanda bu istiqamətdə önəmli işlərin görüldüyünü, Novruz bayramının ölkə miqyasında qeyd olunduğunu, milli musiqilərimizin ifa edildiyi "Türk gecələri" adlı konsert proqramlarının keçirildiyini diqqətə çatdırıb.
Plenar iclasda filologiya üzrə elmlər doktoru İslam Sadıq “Dədə Qorqud”da dövlət, onun quruluşu və idarə edilməsi”, filologiya üzrə elmlər doktoru, professor Pərvanə Bəkirqızı “Milli kimliyimizə və dövlətçiliyimizə yönələr erməni təcavüzünün bədii mətndə folklor motivləri ilə ifadəsi”, filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd “Meydan tamaşalarında dövlət idarəçilik sistemi ilə bağlı motiv və elementlər” mövzularında məruzələr söyləyiblər.
Konfrans üç bölmədə işini davam etdirib. İclaslarda folklorda dövlətçilik ənənələrinin təzahürü, folklorda milli dövlətçilik etiketləri, milli bayramlar, folklorda etnosun total davranış formulu və özünütəşkiletmə modelləri, folklor və qanunvericilik və s. məsələlər müzakirə olunub.

Elm və təhsil 2018-11-13 15:58:00