×
A
A
A
Sazlamalar

Taktiki-xüsusi təlimdə mülki müdafiə qüvvələrinin hazırlıq səviyyələri yoxlanılıb

Naxçıvan, 13 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il üçün iş planına uyğun olaraq, “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində “Yanğın təhlükəli obyektlərdə baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili” mövzusunda keçirilən taktiki-xüsusi təlim başa çatıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin keçirilməsinin məqsədi fövqəladə hallarda işçilərin və maddi vəsaitlərin yanğından mühafizəsinin təşkili üzrə rəhbər heyətin və mülki müdafiə qüvvələrinin praktiki bacarığının təkmilləşdirilməsi, fabrikdə şərti baş vermiş yanğınların nazirliyin digər icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə söndürülməsinin təşkilindən ibarət olub.
Təlim planına uyğun olaraq, birinci mərhələdə mülki müdafiə qüvvə və vasitələrin hazırlıq səviyyəsi yoxlanılıb, müəssisənin könüllü yanğınsöndürmə dəstəsinin şəxsi heyətindən “Tam döyüş açılışı” normativləri üzrə məqbullar qəbul edilib. Təlimin ikinci mərhələsi isə istehsalat sahələrində şərti baş vermiş yanğınların qarşısının alınması və söndürülməsinə, yanğın zonasından işçilərin və maddi vəsaitlərin təxliyə edilməsinə, xəsarət alanların xilas olunması və onlara tibb məntəqəsində ilk tibbi və həkiməqədərki yardımın göstərilməsinə, yanğın zamanı işçilərin tüstüdən və digər zəhərli qazlardan qorunmasına, sexlərdə yarana biləcək kiçik yanğınların ilkin yanğınsöndürmə vasitələri ilə söndürülməsi işinin təşkilinə həsr olunub.
Təlimə cəmiyyətin 45 nəfərdən ibarət mülki müdafiə qüvvəsi, “Zil-131” markalı yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yanğınsöndürmə avtomobilləri, ümumilikdə, 16 nəfər şəxsi heyət cəlb edilib.
Təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaq.

Regionlar 2018-11-13 15:51:00