×
A
A
A
Sazlamalar

Unudulmuş payız mərasimi: Kövsəc

Naxçıvan, 13 noyabr, AZƏRTAC

Qədim zamanlarda payız-qış dövründə fəsil dəyişikliyi və ya onun yarıya çatması ölkəmizdə, o cümlədən Naxçıvanda müxtəlif mərasimlərlə qeyd edilib. Həmin bayramlar özlərinin fərqli xüsusiyyətləri ilə diqqəti cəlb edir ki, onlardan biri də Kövsəc mərasimidir.
Jurnalist-tədqiqatçı Zaleh Novruzov AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində deyib ki, payızın başlanğıc dövründə ilk həyata keçirilən mərasimlərdən biri “Məhsul bayramı”dır. Qədim dövrlərdə müxtəlif xalqlar arasında, eləcə də Azərbaycanda qeyd edilən bu bayram “Mehrikan” (Mehrican) adlanıb. Məhsul (Mehrican) bayramı oktyabr ayının ikinci yarısında keçirilir. Müxtəlif mənbələrdə bu tarix nisbətən fərqlidir. Şənliklər ardıcıllıqla Çillə (qışın gəlməsi), Xıdır Nəbi və Səddə (qışın yarı olması), Novruz bayramları ardıcıllığı ilə qeyd olunur. Onlar sırasında yer alan Kövsəc isə artıq unudulan, haqqında çox az məlumatımız olan mərasimlərdən biridir. Bu mərasimin keçirilməsi haqında məlumatlara yazılı mənbələrdə çox az rast gəlinir.
Zaleh Novruzov deyib: “Kövsəc mərasiminin keçirilmə vaxtını müəyyənləşdirmək üçün bir məsələyə diqqət yetirək. Rumi təqvimində (Günəş təqvimi) qış noyabrın 8-də, yaz isə mayın 6-da başlayır. Məlumat üçün deyək ki, Rumi təqvimində yeni il martın 14-dən hesablanır və hazırda həmin təqvimə görə, 1434-cü ildir. Buradan aydın olur ki, Kövsəc noyabr ayında keçirilib”.
Həmsöhbətimiz bildirib ki, xalq deyiminə görə, avqust ayının 5-6-da “quyruq doğur”. Bir çox etnoqraf və tədqiqatçılar bu ifadənin “quyruq dondu” olduğunu iddia edirlər. Etnoqraf E.Mehrəliyev “Xalq coğrafi terminlərinin izahlı lüğəti” kitabında “quyruq donduran” tarixin noyabrın 5-8-də, payız yarı olanda olduğunu qeyd edir. Çünki etnoqraflar da bu dövrü “qırov düşən” dövr adlandırırlar. Qırov düşən dövrə isə həm “quyruq dondu”, həm də “quyruq doldu” ifadələrinə uyğun gəlir. Naxçıvanda ləziz qış azuqəsi olan qovurma məhz bu dövrdən başlayaraq hazırlanır. Çünki havaların soyuması, yağıntılı dövrün başlaması, həyət-bacada heyvanların qidasını təşkil edən ot və xəzəlin tükənməsinə görə ətlik heyvanların saxlanması artıq əlverişli olmur.
Zaleh Novruzov deyir: “Bəhlul Abdullayev “Novruz gəlir” sərlövhəli məqaləsində yazır ki, qışın qorxudulması ilə bağlı keçirilən bu mərasimin iştirakçıları istilik gətirən yeməkləri – yağlı ətləri, daha çox istiotlu xörəkləri yeyərmişlər. Özünü gülməli hala salmış, cır-cındır paltar geyinmiş birisi qatıra minib ortaya çıxar və əlində tükü yolunmuş qarğa saxlayarmış. Yan-yörəsindəkilər onun üstünə soyuq su səpərmişlər. O isə saymazyana “İstidi, istidi, bahar gəlir, yaz gəlir”, – deyə haray salarmış”. Onun sözlərinə görə, daxili məzmununa fikir versək, qədim türklərin “Kövsəc” adlandırdıqları bu mərasimin, əslində, əhalinin psixoloji cəhətdən qışa hazırlanması üçün keçirildiyini görərik. Bəzi bölgələrdə qışı “qorxutmaq”, müxtəlif hərəkətlərlə ona “qalib gəlmək” üçün “həsirçırpma” ayini yerinə yetirilərmiş. Tədqiqatçı-jurnalist belə hesab edir ki, bu da Kövsəc mərasimindən qalma adətlərdir. Xalqın yaddaşından silinən Kövsəc mərasiminin bəzi ayinləri bu gün digər bayramlarımızda yerinə yetirilir.

Regionlar 2018-11-13 15:14:00