×
A
A
A
Sazlamalar

Naxçıvan Qarnizonunda komanda-qərargah hərb oyunları keçirilir

Naxçıvan, 13 noyabr, AZƏRTAC

Əməliyyat hazırlığı çərçivəsində Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunlarında Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları da iştirak edir.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komanda-qərargah hərb oyunlarının ssenarisinə uyğun olaraq, tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün Naxçıvan Qarnizonu qoşunlarının idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələri həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.
Təyin edilmiş ərazilərdə birləşmə və hissələrin səfərbərliklə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq, xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.
Birləşmə və hissələrin idarəetməsini həyata keçirmək üçün ərazidə idarəetmə məntəqələri yaradılıb.
Noyabrın 16-dək davam edəcək komanda-qərargah hərb oyunlarında qarşıya qoyulmuş əsas məqsəd idarəetmə orqanlarının qarşılıqlı əlaqələrinin təkmilləşdirilməsi, qərargah və xidmətlərin vahid idarəetmə orqanı kimi uzlaşmasına nail olunmasıdır.

Regionlar 2018-11-13 14:52:00