×
A
A
A
Sazlamalar

Moskva Vilayətinin İnkişafı Korporasiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Moskva, 13 noyabr, AZƏRTAC
Moskva Vilayətinin İnkişafı Korporasiyasının (MVIK) nümayəndə heyəti 2019-cu ilin əvvəlində Azərbaycana səfər edəcək.
AZƏRTAC Korporasiyanın mətbuat xidmətinə istinadla bildirir ki, gələn ilin əvvəlində planlaşdırılan səfər Moskva vilayəti ilə Azərbaycan biznesi arasında qarşılıqlı investisiya fəaliyyətində yeni mərhələnin başlanğıcı olacaq.
MVİK-in baş direktoru Maksim Çereşnev deyib: “MVİK nümayəndə heyəti həmin səfər müddətində Azərbaycan biznesini təmsil edən nümayəndə heyətinin Moskva vilayətinə cavab səfəri barədə təşəbbüs irəli sürməyi planlaşdırır. Biz Azərbaycan biznes birliyinin ehtiyacları ilə tanış olacaq, bunun əsasında dolğun cavab görüşü hazırlayacağıq”.
M.Çereşnevin sözlərinə görə, Azərbaycan şirkətləri ilə Moskva vilayəti arasında uğurlu əməkdaşlıq təcrübəsi var. O, 2012-ci ildən Noginskdə işləyən “Bakıkonserv” şirkətini nümunə göstərib. Azərbaycanda ən qocaman və iri konserv müəssisələrindən biri olan bu şirkət özünün Moskva vilayətindəki zavoduna təqribən 2,6 milyon avro məbləğində sərmayə qoyub. Bu, uğurlu əməkdaşlığa gözəl nümunədir. Biz Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi ilə birlikdə bu əməkdaşlığın inkişaf etdirilməsini planlaşdırırıq”.
Baş direktor vurğulayıb ki, Moskva vilayətində yerləşən yeyinti sənayesi müəssisələri Moskva vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial imkanlar yaradır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2018-11-13 14:36:00