×
A
A
A
Sazlamalar

DİN Baş İctimai Təhlükəsizlik İdarəsi Abşeron rayonunda maarifləndirmə tədbiri keçirib

Bakı, 13 noyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi yetkinlik yaşına çatmayanların baxımsızlığı, bu istiqamətdə hüquq pozuntularının profilaktikası sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində təşkil olunan növbəti belə tədbirdə Abşeron rayonundakı tam orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.
Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları” mövzularında çıxış edərək törədilən hüquqpozmaların fəsadlarından danışıb.
Abşeron Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Elçin Rəcəbov “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi” və “Təhsildən qərəzli şəkildə yayınmaların qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Hafiz Mikayılov, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (VVAQ) müdiri Qəhrəman Rəcəbli, narkoloq-həkim Aybəniz Baxışova və başqaları “Narkotiklər haqqında nə bilirik?”, həmçinin “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında çıxışlar edərək məktəblilərə ətraflı məlumat veriblər.
Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi qeyd olunub, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə böyük vəzifələrin və məsuliyyətin düşdüyü vurğulanıb.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib.

Sosial 2018-11-13 13:32:00