×
A
A
A
Sazlamalar

FHN: Məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğın zamanı on nəfər xilas edilib

Bakı, 13 noyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin məskunlaşdıqları sanatoriyada baş verən yanğınla bağlı məlumat yayıb.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, məlumatda yanğının Binəqədi rayonunda ümumi sahəsi 3600 kvadratmetr olan, ikinci və üçüncü mərtəbələrində məcburi köçkünlərin məskunlaşdığı, birinci mərtəbədə isə 45 nömrəli orta məktəbin fəaliyyət göstərdiyi üçmərtəbəli binada baş verdiyi qeyd olunub. Bildirilib ki, nəticədə binanın üçüncü mərtəbəsində otaqların və taxta arakəsmələrin 132, dəhlizin 168, dam örtüyünün isə 20 kvadratmetrlik hissəsi yanıb.
FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı 10 sakin binadan xilas edilib. Bundan başqa, 100 şagirdin və 50 sakinin təxliyəsi uğurla başa çatdırılıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2018-11-13 13:16:00