×
A
A
A
Sazlamalar

Cənub Qaz Dəhlizinin seqmenti olan layihələrin icra vəziyyəti açıqlanıb

Bakı, 13 noyabr, Nihad Budaqov, AZƏRTAC

Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrin icra vəziyyəti açıqlanıb.
AZƏRTAC-ın sorğusuna cavab olaraq “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib ki, bu il sentyabr ayının sonunadək “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin (“Şahdəniz-2”) işlənməsi üzrə avadanlıqlar və qurğular üzrə inkişaf 91,7 faiz olub.
“Həmçinin Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ümumi inkişaf 99,5 faiz təşkil edib, Trans-Anadolu boru kəmərinin (TANAP) inşası üzrə işlərin 97,6 faizi icra olunub. “Trans-Adriatik” boru kəmərinin (TAP) inşası üzrə isə işlərin 80,7 faizi tamamlanıb”, - deyə “Cənub Qaz Dəhlizi” QSC-nin məlumatında bildirilir.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 400 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə boru kəməri gələn ilin birinci yarısında “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Neft - qaz 2018-11-13 13:18:00