×
A
A
A
Sazlamalar

Yaponiyada mayın 1-nin istirahət günü elan edilməsi barədə qanun layihəsi təsdiq olunub

Tokio, 13 noyabr, AZƏRTAC 

Noyabrın 13-də Yaponiya hökuməti taxtın şahzadə Naruhitoya ötürülməsi ilə əlaqədar mayın 1-nin istirahət günü elan edilməsi barədə qanun layihəsini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentdə təsdiq edildikdən sonra gələn ildən başlayaraq Yaponiyada “qızıl həftə” adlanan və aprelin 27-də başlanan istirahət günlərinin sayı şənbə və bazar günləri də daxil olmaqla 10 günə çatacaq.
Şahzadə Naruhito hazırda taxtda olan İmperator Akihito istirahətə getdikdən sonra taxt-tacın sahibi olacaq.
Yeni yapon monarxının taxta çıxması ilə əlaqədar təntənəli mərasim oktyabrın 22-də başlayacaq və əvvəlcədən planlaşdırılmış tədbirlərlə davam edəcək. Yeni qanun layihəsi bununla əlaqədar həmin günlərin də bayram və istirahət günü elan edilməsini nəzərdə tutur.
Agentlik bildirir ki, II Dünya müharibəsindən sonra Yaponiyada imperatorlarla əlaqədar istirahət günlərinin elan edilməsi üçün 3 dəfə xüsusi qanun qəbul edilib. Sonuncu dəfə bu, 1993-cü il iyunun 9-da, vəliəhd-şahzadə ilə onun həyat yoldaşının ailə qurması günü ilə bağlı olub.
Xatırladaq ki, 2016-cı ilin avqustunda İmperator Akihito xalqa xüsusi müraciətində yaşının keçməsi ilə əlaqədar vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkməsinə işarə vuraraq, taxtı vəliəhdə təhvil vermək niyyətini və istirahətə yollanmaq istədiyini açıqlayıb. 2017-ci ilin dekabrında İmperator ailəsi üzrə komissiya İmperator Akihitonun 2019-cu il aprelin 30-da taxtı tərk etməsi və bir gün sonra mayın 1-də vəliəhdin taxta çıxması barədə qərar qəbul edib.
Yaponiya qanunları İmperatorun sağlığında istefaya getməsini nəzərdə tutmadığına görə, Yaponiyanın yeni tarixində istisna hal kimi Akihitonun sağlığında taxtı vəliəhdə ötürməsi ilə əlaqədar “xüsusi qanun” tətbiq edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Dünya 2018-11-13 12:23:00