×
A
A
A
Sazlamalar

Ölkəmiz Dünya Turizm Təşkilatının assosiativ üzvlərinin plenar sessiyasında təmsil olunur

Bakı, 13 noyabr, AZƏRTAC

İran İslam Respublikasının Həmədan şəhərində Dünya Turizm Təşkilatının (DTT) assosiativ üzvlərinin 40-cı Plenar Sessiyası keçirilir. Tədbirdə ölkəmizi Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, plenar sessiya çərçivəsində İranın Mədəni İrs, Sənətkarlıq və Turizm Təşkilatı ilə birgə “Mədəni turizmin innovasiya və texnologiya ilə qorunması” adlı beynəlxalq seminar təşkil edilib. Beynəlxalq seminarda mədəni turizmin inkişafında, destinasiyaların cəlbediciliyi və rəqabətliliyin gücləndirilməsində innovasiya və texnologiyanın rolu mövzusunda müzakirələr aparılır.
Tədbir, iştirakçıların qarşıya qoyulmuş məqsədlərin icrası üçün illik proqramı müzakirə etmək imkanı ilə yanaşı, əməkdaşlıq və birgə təşəbbüslərin qurulması üçün əlverişli mühit yaradır.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının üzvüdür. Bakı Turizm İnformasiya Mərkəzi isə 2011-ci ildən etibarən quruma assosiativ üzv olaraq qəbul edilib.

 

Turizm 2018-11-13 12:19:00