×
A
A
A
Sazlamalar

Hakan Aras: Azərbaycan ali təhsil verdiyi türkiyəli tələbələrə öz vətəndaşları kimi yanaşır

Ankara, 13 noyabr, AZƏRTAC 

Oktyabrda keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunda üç mühüm element bir-birini tamamlayırdı - yüksək təşkilatçılıq, nüfuzlu iştirakçı heyəti və aktual mövzular.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin İğdır Sənaye Şəhərciyinin bölgə müdiri Hakan Aras söyləyib. Forumda iştirak etməkdən məmnunluğunu bildirən H.Aras diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi hamını Azərbaycan həqiqətləri barədə geniş məlumatlandırıb və böyük maraqla qarşılanıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olmasından qürur duyduğunu vurğulayan müsahibimiz fikirlərinə davam edərək deyib: “Azərbaycanda təhsil alan hər bir türkiyəli məzun qardaş ölkənin burada könül elçisidir. Mən ali təhsil almaq məqsədilə Azərbaycana onun dövlət müstəqilliyinin bərpasının ilk illərində getdim. Bakıda ali təhsil alıb Vətənimə döndüm. Bütün bunlara görə hər zaman Azərbaycana borcluyam. Forum çərçivəsində Bakıya gələndə isə burada gördüklərimdən qürur duydum. Ötən dövrdə Bakı çox gözəlləşib və Azərbaycana layiq bir paytaxta çevrilib. Bakı Forumu bir daha göstərdi ki, Azərbaycan ali təhsil verdiyi xarici tələbələrə, xüsusilə də türkiyəli məzunlara öz vətəndaşları kimi böyük diqqət və qayğı ilə yanaşır və onlara etimad göstərir. Bu mənada Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təsis edilməsini tarixi bir hadisə kimi dəyərləndirirəm.”.
Azərbaycanın özünün ən çətin dövrlərində türkiyəli tələbələrə qucaq açaraq onlara ali təhsil verdiyini qeyd edən H.Aras bildirib ki, oxuduğu illərdə Bakıda doğma insanların əhatəsində özünü qərib hiss etməyib, səmimi münasibət görüb. O, fikrini tamamlayaraq deyib: “Foruma dəvətə, göstərilən yüksək qonaqpərvərliyə, bütün dünya üçün aktual olan problemlərə dair müzakirələrdə iştirakıma şərait yaradıldığı üçün Azərbaycan dövlətinə və xalqına sonsuz minnətdarlığımı bildirirəm. Azərbaycanın varlığı bizim varlığımızdır”.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Elm və təhsil 2018-11-13 12:20:00