×
A
A
A
Sazlamalar

Payız mövsümündə Balakəndə 300 hektaradək yeni fındıq bağları salınacaq

Balakən, 12 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Payız mövsümündə rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 300 hektaradək yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Artıq ayrılmış sahələrdə fındıq tinglərinin əkininə başlanılıb. Qısa müddətdə 20 hektara yaxın yeni fındıq bağları salınıb. Ting əkini dekabrın ortalarınadək davam edəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Qurumun rəsmisinin sözlərinə görə, son üç ildə rayonda 3 min 968 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 9 min 634 hektara çatdırılıb. Bu il rayonun fındıq bağlarından 6 min 205 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 819 ton artıb.

Kənd təsərrüfatı 2018-11-12 17:07:00