×
A
A
A
Sazlamalar

Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkəmizi Qırğızıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaradıcı kollektivin festivalda iştirakı Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğızıstandakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalına Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da qatılıb.
Noyabrın 17-də davam edəcək festivalda sənət ocağının yaradıcı kollektivi “Manqurt” tamaşası ilə çıxış edəcək.
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva və Mehman Fətullayev iştirak edirlər.
Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə tədbirlər keçirilir.

Teatr və kino 2018-11-12 13:23:00