×
A
A
A
Sazlamalar

Müsəlman icması Gürcüstan milli mədəniyyətinin formalaşmasında böyük rol oynayıb

Tbilisi, 10 noyabr, AZƏRTAC
Gürcüstan tarixində və milli mədəniyyətinin formalaşmasında müsəlman icması böyük rol oynayıb. Bu gün Gürcüstanda müsəlmanların sayı 400 min nəfərdən çoxdur və onlar ölkə əhalisinin təqribən 11 faizini təşkil edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) noyabrın 10-da Tbilisidə keçirilən illik hesabatına həsr olunmuş tədbirdə səslənib.
Tədbir "Qurani-Kərim"dən ayənin oxunması ilə başlayıb.
Sonra GMİ-nin sədri hacı Ramin İgidov qurumun 2018-ci ildəki fəaliyyəti barədə hesabatla çıxış edib.
O bildirib ki, Gürcüstanda 320-dən çox məscid var. Onlardan 200-ü dövlət qeydiyyatına alınaraq GMİ-nin səlahiyyətinə verilib. Digər məscidlərin də dövlət qeydiyyatına alınması istiqamətində işlər davam etdirilir.
R.İgidov deyib ki, bu il ərzində GMİ tərəfindən 32 məsciddə təmir işləri aparılıb. Bu il, həmçinin “SOCAR Georgia Gas” şirkəti tərəfindən 13 məscidin təmənnasız qazla təmin olunması ilə bağlı müqavilə imzalanıb. Şirkətin təmənnasız qazla təmin etdiyi məscidlərin sayı 52-yə çatıb.
GMİ-nin müftiləri hacı Yasin Əliyev və Bekler Kamaşidze çıxış edərək şərqi və qərbi Gürcüstanda müsəlmanların vəziyyəti barədə məlumat veriblər.
Daha sonra Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edib. O, ölkənin tarixində və mədəniyyətinin formalaşmasında müsəlman icmasının rolunu xüsusi qeyd edib. Bildirib ki, Gürcüstanda müsəlmanların sayı 400 min nəfərdən çoxdur və onlar ölkə əhalisinin təqribən 11 faizini təşkil edirlər. Gürcüstanda müxtəlif məzhəblərə məxsus müsəlmanlar bir təşkilatda birləşiblər və bir məsciddə ibadət edirlər.
Agentlik sədri Gürcüstan hökumətinin ölkənin müsəlman icmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd edərək deyib: “Gürcüstan Müsəlmanları İdarəsi ölkədə ən böyük dini qurumlardan biridir və onun yüksək hüquqi statusu var. Dini Məsələlər üzrə Dövlət Agentliyi bundan sonra da idarəyə dəstək göstərməkdə davam edəcək”.
Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili GMİ-nin son illər həyata keçirdiyi fəaliyyətini yüksək qiymətləndirib. O, çıxışında Gürcüstan hökumətinin müsəlman icmasına dəstək və qayğısından danışaraq ölkədə yaşayan etnik azlıqların din hüquq və azadlıqlarının təmin olunduğunu qeyd edib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, digər rəsmi şəxslər, Türkiyə və İran səfirliklərinin nümayəndələri və ziyalılar da iştirak ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Din 2018-11-10 17:55:00