×
A
A
A
Sazlamalar

Araşdırma: “Erməni milli bürosu”nun Şamaxıda törətdiyi dəhşətli cinayətlərin izi ilə

Bakı, 10 noyabr, AZƏRTAC
Arxivlər araşdırıldıqca ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli soyqırımları haqqında yeni faktlar üzə çıxır. Beynəlxalq Terrora Qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun AZƏRTAC-a təqdim etdiyi məqalədə “erməni milli bürosu”nun Şamaxıda törətdiyi vəhşiliklərin bir sıra detalları ilə yanaşı, cəllad Stepan Lalayanın quldur dəstəsinə qarşı mübarizə aparmaq üçün yaradılan partizan hərəkatından bəhs olunur.
Çoxsaylı araşdırma materiallarına görə, Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərdə “erməni milli bürosu” aktiv rol oynayıb. “Dənizdən-dənizə” siyasəti yürüdən, “böyük Ermənistan” ideyası ilə ortaya atılan bu təşkilat Qafqazda və Türkiyədə erməniləri müdafiə adı altında “könüllü dəstələr” yaratmışdı. “Büro”nun yaradılması Bakıda 1912-ci ildə təsadüfən tapılan bir uşaq qəbirinin üstündə elan olunmuşdu. Ermənilər iddia edirdilər ki, bu uşaq guya erməni olub və azərbaycanlılar tərəfindən qətlə yetirilib. Həmin erməni təşkilatının qanlı izləri 1918-ci il Şamaxı qırğınlarında daha qabarıq görünür.
“Milli büro”nun üzvlərinə nəzər salaq: Yepiskop Mesrop - Qafqazdakı erməni burjuaziyasının başçısı, çar Nikolayın Qafqazdakı canişini Vorontsov–Daşkovun arvadının məşuqu, təşkilatın rəhbəri; A.Xatisov - “Daşnaksütyun” partiyasının liderlərindən olan, 1918-1920-ci illərin ən qanlı cinayətkarlarından biri, Şamaxı qəzasına S.Lalayanın hücum taktikasını işləyib hazırlayan, bir müddət çarın xəfiyyə idarəsində çalışmış polkovnik; E.Zavriyev - ixtisasca uşaq həkimi, “Daşnaksütyun” partiyasının xaricdə yaşayan ermənilərlə əlaqə yaradan şöbəsinin başçısı; S.Arutyunov – “Silahlı azadlıq sevərlər” qrupunun, “DRO” erməni silahlı birləşməsinin rəhbəri; Andranik – Qafqazda erməni silahlı birləşmələrinin komandanı.

Könüllü erməni dəstələri necə və kimlərin havadarlığı ilə yaradılırdı?

Məlumata görə, 1915-ci ilin əvvəllərində bütün ermənilərin katalikosu V Gevorq “Milli büro” adından çar Nikolaya ünvanladığı məktubda qeyd edirdi: “...ermənilər sizin ən inanılmış övladlarınızdır. ...bizə şərait yaradın ki, biz Türkiyə və Azərbaycanda öz qardaş-bacılarımızı onların əsarətindən xilas edək. Bizə yardım və kömək edin ki, könüllü dəstələr yaradaq”.
Ermənistanda 1965-ci ildə rus və erməni dillərində çap olunan “Daşnaksütyun əvvəl və indi” kitabında tarixçi-diplomat Q.Abov(yan) yazır: “...məktubdan sonra, doktor Zavriyev tələsmədən Tiflisə gedir. Çarın canişini Vorontsov-Daşkovla görüşür. Ona çoxsaylı vədlər verərək, regionda könüllü erməni dəstələrinin yaradılmasını əks etdirən sənədlərə imza atdırır. Bundan sonra yepiskop Mesropla, S.Arutyunovla, A.Xatisovla görüşlər təşkil edən canişin Vorontsov-Daşkov xatırladır ki, onun imza atdığı sənədlər 150 il qüvvədə qalacaq. Ermənilərə, həmçinin məsləhət görülürdü ki, çalışıb Türkiyənin və Azərbaycanın hakimiyyət orqanlarında yüksək mövqe tutsunlar və ən çox “kəşfiyyati işlərlə” məşğul olsunlar”.
1915-ci ilin ortalarında “büro”nun liderlərindən olan doktor Zavriyev Rusiyanın xarici işlər nazirinin xüsusi məktubu ilə İngiltərəyə və Fransaya gedir. Rusiyanın İngiltərədəki və Fransadakı səfirləri Bengendorf və İzvolski ilə görüşür. Nazir Neratov xüsusi məktubunda həm Londondakı, həm də Parisdəki nümayəndəsinə yazırdı: “...Zavriyev çox nüfuzlu adamdır. Rusiyanın siyasi dairələrində məşhurdur. Ona imkan yaradın ki, ermənilərlə görüşlər keçirib, məlum siyasi məsələləri həll etsin. Ona qəyyumluq edin”.
London və Paris üçün Şamaxı da Bakı kimi önəmli strateji ərazi hesab olunurdu. Həmin vaxt İngiltərə hərbi sənaye komplekslərində Qafqaz xalqlarının genetik kodları araşdırılırdı. İngilis alimləri uzunömürlülüyün və dözümlülüyün sirlərini öyrənməklə yanaşı, xüsusən Naxçıvan və Şamaxı ərazisində uran, qızıl və neft yataqlarının axtarışında idilər. Digər tərəfdən ingilislərin “Mİ-6” kəşfiyyat idarəsinin məlumatına görə, Şamaxıda bir neçə yerdə “qızıl və digər qiymətli sərvət anbarları” mövcud idi.
“Erməni milli bürosu” xüsusən Azərbaycanda ciddi qırğınlara hazırlaşırdı. Əlavə olaraq təlim üçün Parisdən, Londondan və ABŞ-dan xüsusi hərbi emissarlar göndərilmişdi. Çar ordusundan tərxis edilənlərin 450 nəfəri artıq “büro”ya daxil olmuşdu. Ən maraqlısı bu idi ki, ermənilər əllərində silah və hərbi geyimdə “büro”ya üzv yazılırdılar. Tərxis olunan ermənilərdən silah geri alınmırdı. Məsələn, kəşfiyyat polkovniki S.O.Qolikov iddia edirdi ki, belə bir ənənə ermənilər üçün Sovet Ordusunda da davam edirdi. Sovet Ordusundan tərxis olunmuş erməni əsgər və zabiti xəlvəti yolla istədiyi silahı özü ilə apara bilərdi.

Şamaxı qəzası hələ 1916-cı ildə ermənilər tərəfindən faktiki işğal olunmuşdu

1916-cı ildə Şamaxıda və Qubada “Erməni milli bürosu”nun yerli özəkləri yaradıldı. Fransızların və ingilislərin istəyini nəzərə alan ermənilər birinci olaraq hər iki qəzada milliyyətcə yəhudi ailələrin siyahısını tərtib etdilər. Həmin il Şamaxıda 16, Qubada isə 9 tüfəng qeydə alınmışdı. Yelizavetpol qəzasının çar xəfiyyəsinin məlumatlarının birində yazılırdı: “Şamaxı və Quba qəzalarına gələn tacirlər özləri ilə silah gətirirlər. Əsasən, Şamaxı qəzasında bu məsələ aktiv baş verir”. Əslində isə belə deyildi. Bu, saxta və uydurma məlumatı yayanların özləri də elə Şamaxı qəzasında ardı-arası kəsilmədən evlərə soxulur, axtarışlar aparırdılar. Şamaxı ilə Bakı arasında tədricən əlaqələr qırılır, gediş-gəliş azalırdı. Qəzada əsas vəzifələrə, icraedici orqanlara ermənilər irəli çəkilirdi. Şamaxı qəzası 1916-cı il dekabrın sonlarında ermənilər tərəfindən faktiki işğal olunmuşdu.
Şamaxı ziyalılarının bir qismi artıq dərk etməyə başladı ki, qəzada baş verənlər yaxşı sonluq vəd etmir. “Büro”da cəmlənmiş erməni könüllü dəstələrinə qarşı müəyyən tədbirlər görmək lazım idi. Şamaxı qəzasında baş verən hadisələrlə, ərazidəki siyasi-ictimai mühitlə bağlı Bakıya ötürülən məktub və teleqramlar cavabsız qalırdı. 1916-cı ilin dekabrında “Erməni milli bürosu”nun Tiflisdəki canişin tərəfindən imzalanmış məktubuna əsasən, rus dilini yaxşı bilən, milliyyətcə erməni olan L.Ambartsumov Şamaxı qəzasının poçt-teleqraf işləri üzrə “cavabdeh şəxs”i təyin edilir. Onsuz heç bir teleqraf açılmırdı.
Araşdırma materiallarına görə, 1917-ci il yanvarın 6-da L.Ambartsumov “Milli erməni bürosu”nun xarici əlaqələr şöbəsinin başçısı, bilavasitə çar Nikolayın dəftərxanası ilə sıx əlaqəsi olan doktor Zavriyevə xüsusi bir teleqram göndərdi. L.Ambartsumov yazırdı ki, Şamaxıda bir qrup ziyalı ermənilərə qarşı təşkilat yaradıb. Amma nə qədər maraqlı olsa da, bu təşkilatın adı yox idi. L.Ambartsumovun saxta teleqramından sonra, əsasən ermənilərdən ibarət olan kiçik bir dəstə Şamaxıya göndərildi. Doktor Zavriyev cavab teleqramında bildirirdi ki, L.Ambartsumov ona təşkilat haqqında geniş məlumat versin. Nəticədə Şamaxıda məxfi qaydada fəaliyyət göstərən “büro”nun S.Lalayanın başçılıq etdiyi silahlı birləşməsi Cümə məscidinə hücuma keçdi. Məscid yandırıldı. Oradakı 11 nəfərdən 5-i öldürüldü, 6 nəfər isə ağır xəsarət aldı. Şamaxı qəzasında baş verən bu hadisə yerli əhalini qəzəbləndirdi. Lakin onlar silahsız və köməksiz idilər.
Arxiv materiallarından aydın olur ki, İran ərazisindən Azərbaycan istiqamətində ingilislərin xeyir-duası ilə hazırlanmış vəhabi dəstələri, daha doğrusu, şiə müsəlmanlarına qənim kəsilmiş ərəb karmatları (vəhşi ərəblər) və yaxud “karmat birlikləri” yola salınmışdı. Onların bir qrupu məhz Şamaxı ərazisində “büro”ya, S.Lalayanın rəhbərlik etdiyi silahlı dəstələrə yardım göstərir, şiə müsəlmanların evlərini qarət edir, din xadimlərini öldürür, “Quran” kitablarından tonqallar qururdular. İngilislərin Bəhreyndən qovub gətirdikləri bu ərəb karmatları-vəhabi dəstələri, həmçinin Təbrizdə, Tehranda, Ərdəbildə də şiə müsəlmanlara qarşı ermənilərlə birgə qanlı cinayətlər törətmişdilər. Bilavasitə regionda İslamın parçalanmasına xidmət edən ərəb karmatları Azərbaycanda ermənilərin apardıqları etnik təmizləmə siyasətində ən başlıca faktorlardan biri olub.
Doktor Zavriyev məktublarının birində soruşurdu: “Cənab Leon (Ambartsumov!) Mənə Şamaxıda müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi” haqqında məlumat ver. Bu nə təşkilatdır? “Büro”dan yanına xüsusi nümayəndə gələcək”.
Doktor Zavriyev narahat idi. Bu narahatlıq 1917-ci il fevral inqilabından sonra daha da artdı...

“Şeyx Şamaxı” məclisi haqqında nə məlumdur?

Erməni könüllü dəstələrini nigarançılıqda saxlayan Şeyx Şamaxı haqqında yetərincə məlumat yoxdur. Toplanmış materiallar Yelizavetpol (Gəncə) Xəfiyyə İdarəsinin arxiv müdiri O.Ağacanyan tərəfindən məhv edilib. Yelizavetpol Xəfiyyə İdarəsinin istintaq qrupunun başçısı Q.D.Demçenkonun Moskvaya göndərdiyi sorğu məktubunda qeyd olunur ki, Şamaxı qəzasında millətlərarası münaqişə və yaxud qarşıdurma genişlənir. Münaqişədə maraqlı olan “erməni milli bürosu”nun üzvlərinə yardım edib, kömək göstəririk. Müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi”ni isə yaxşı tanımırıq. Şeyx Şamaxıya gəlincə, o, sadə, ortayaşlı bir din xadimidir. Hazırda onun məclisində 20 nəfər gənc var. Onlar da bizim adamların nəzarətindədir”.
Həmin vaxt Şeyx Şamaxı haqqında kiçik rəvayətlər dolaşmaqda idi. Bütün bunlar erməniləri qorxudur və sək-səkə içində saxlayırdı.
Araşdırma materiallarına görə, Şamaxıdakı qırğınlar 1918-ci ilin aprel ayına planlaşdırılırdı. Ermənilərin planına əsasən, Şamaxı və Quba qəzalarına gözlənilən hücum eyni gündə olmalı idi. Lakin Şamaxıda “Şeyx Şamaxı məclisi” adlandırılan partizan hərəkatının genişlənməsi bu planı pozdu. Qazax yaşayış məntəqəsində “Salehin dəstəsi” adlanan 9 nəfərlik qrup, Yelizavetpoldan isə “Alməmmədin dəstəsi” - 13 nəfərlik digər qrup Şamaxıya tərəf gəlirdi.
S.Ambartsumyan doktor Zavriyevi, o isə S.Şaumyanı tələsdirirdi. Şamaxı qəzasında erməniləri gözləyən təhlükə haqqında şayiələr yayılırdı.
Şamaxı qəzasında baş verən hadisələr “Qanlı mart təqvimi”ndə xüsusi səhifə təşkil edir. 1918-ci ilin yazında qəzada hakimiyyət artıq müsavatçıların başçılıq etdikləri yerli milli şuranın əlində cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən Bakıdakı bolşevik-daşnak Soveti Şamaxını ələ keçirmək üçün cidd-cəhd göstərirdi. Artıq ermənilər və molokanlardan ibarət hərbi qarnizon yerli milli şura tərəfindən tərk-silah edilmiş və onun əvəzində azərbaycanlılardan ibarət yeni qarnizonun təşkilinə başlanmışdı. Nəzərə almaq lazımdır ki, bolşevik və daşnakların Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq planlarında Şamaxı strateji yer tuturdu.
Martın birinci yarısında Şamaxıya məlumat çatdı ki, Bakıdan buraya toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla 2-3 minlik erməni qoşun dəstəsi gəlir. Dəstəyə S.Şaumyandan bilavasitə təlimat almış S.Lalayan başçılıq edirdi. Həmin dəstə gətirdiyi silah-sursatı Şamaxı qarnizonuna verməkdən imtina etdi və bildirildi ki, “onların məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir”.
Martın 15-də sübh çağı S.Lalayanın dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdu. Bu atəşlər nəticəsində dinc əhali arasında çoxlu tələfat oldu. Şəhər gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındı. Onlar şəhərin müsəlmanlar yaşayan hissəsini bombalamağa başladılar. Dəhşətli qarışıqlıq baş verdi. Ermənilər və molokanlar axşama yaxın şəhərin varlılar yaşayan hissəsi “Piran-Şirvan”a daxil oldular. Evlər yandırılır, yanan evlərdən qaçan insanlar, o cümlədən qadınlar, uşaqlar və ümumiyyətlə, küçədə görünən hər kəs güllələnirdi. Dəstənin quldur üzvləri evlərə soxularaq, sakinləri öldürüb qarət edirdilər. Şəhərin küçələrində müsəlman meyitləri üst-üstə qalaqlanmışdı.
Bu vəhşiliklər, Gəncədən silahlı müsəlman dəstəsi Şamaxı əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etdi. Gəncəlilərin gəlişindən sonra ermənilər və molokanlar Qozlu kəndinə çəkildilər. Müsəlman qoşunları onları təqib edərkən məlum oldu ki, ermənilər və molokanlar sayca onlardan qat-qat üstündür. Buna görə də geri çəkilməli, şəhərin, demək olar ki, bütün müsəlman əhalisini də özləri ilə aparıb Şamaxını tərk etməli oldular.
Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və molokanlar şəhəri ikinci dəfə zəbt etdilər.
1918-ci ilin martın 16-da dağlara və meşələrə çəkilən Şeyx Şamaxının partizan dəstəsi qətllərdə əli olan üç ermənini qəzanın mərkəzində edam etdi. Bu, artıq ilk xəbərdarlıq idi.
Doktor Zavriyev S.Ambartsumova yazırdı: “Mənə əlavə məlumat verin. Ərəb karmatlarına, Əbu Sana salamlarımızı çatdır. Müsəlmanların silahlı dəstəsi haqqında məlumat ver. Onların nə qədər silahı var? Haradan alırlar? Stepana xüsusi qəhrəmanlıq salamlarımızı yetir”.
Bütün yazışma və teleqraf mətnlərinin surəti Yelizavetpol Məxfi İdarəsinə göndərilirdi. Araşdırma materiallarından aydın olur ki, uzun müddət Yelizavetpol teleqraf mərkəzində çalışan Samuel Aleksandroviç Ambartsumov 1915-ci il avqustun 3-dən etibarən Çar Rusiyasının Məxfi İdarəsinə işləyirdi.

Azərbaycanda erməni quldur dəstələrinə qarşı ilk partizan hərəkatı

Şamaxıda əsl partizan hərəkatı başlamışdı. Bu, Azərbaycanda erməni quldur dəstələrinə qarşı ilk və son partizan hərəkatı idi. Qəfil hücumlardan qorxuya düşən S.Lalayan bir-birinin ardınca Bakıya – S.Şaumyana xəbərlər göndərir, əlavə kömək istəyirdi. Cavab isə verilmirdi. Ermənilər girdikləri hər evdə Şeyx Şamaxını axtarırdılar. S.Lalayan onun yerini nişan verənə mükafat da ayırmışdı.
Döyüşlər səngimirdi. Törədilən qanlı və dəhşətli qırğınların səs-sədası artıq Azərbaycanın hüdudlarından kənara çıxırdı. Şeyx Şamaxının partizan dəstəsi iki qrupa bölünmüşdü. Birinci dəstə yerlərdən xəbərlər gətirir, ikinci dəstə isə həmin xəbərlərə uyğun hərəkətə keçirdi. Partizan dəstəsinin əsir və girov götürülmüş, xarici bazarlarda satılmaq üçün seçilib, ayrılmış uşaqların azad edilməsi və onların Göyçay qəzasında yerləşdirilməsi xəbəri də yayılmışdı.
Əsasən yerli əhalidən ibarət kiçik partizan dəstəsi qorxudan gecələr yatmayan, silahı əldən qoymayan Stepan Lalayanın quldur dəstələri ilə üz-üzə dayanmışdı. Şəhərin Çaylı, Sündü, Çuxanlı istiqamətində formalaşan “milli erməni birliyi”nin silahlı özəyi martın 17-də Şamaxı partizanları tərəfindən dağıdıldı. Elə həmin gün də S.Lalayanın köməyinə Mədrəsədən əlavə silahlı dəstələr gəldi. Ələ keçən partizanlar camaatın gözü qarşısında diri-diri yandırıldı. Arxiv materiallarından məlum olur ki, martın 18-də ermənilər ələ keçirdikləri dörd nəfəri - məlikçobanlı Həsən Qulam Əli oğlunu, qonaqkəndli Fəraməz Mir Haşım oğlunu, sarıtorpaqlı Balamirzə Yusifcan oğlunu, zərxili Nəhmətulla Məşədi Musa oğlunu “partizan” adı ilə Meysəri yaşayış məntəqəsində yandırdılar. Hər gün Zavriyevə Şamaxıdan məlumatlar gedirdi.
1918-ci il martın 30-dan 31-nə keçən gecə silahlı erməni-bolşevik birləşmələri Şamaxının mərkəzinə yaxın yerdə, daha dəqiq desək, Kürdtənəsində Kərbəlayi Dadaşın evində yığışan partizan dəstəsinə qəflətən hücum etdilər. Hadisələrin sonrakı gedişindən heç bir xəbər verilmir. Amma bəzi mənbələrdəki qeydlərə görə, dəstənin 12 üzvü dar ağacından asıldı. Şeyx Şamaxı – 41 yaşlı Hacı Mehdi Qəhrəman oğlu “yeni hökumətin düşməni” kimi həbs olunaraq, Yelizavetpol həbsxanasına göndərildi. Onun sonrakı taleyindən heç bir xəbər yoxdur. Lakin ingilis generalı Tomson Zavriyevə açıqlamasında belə ifadələr işlədib: “Şeyx Şamaxı” adlı silahlı qrupun başçısı Hacı Mehdi Qəhrəman oğlunun nəsli də kəsildi. İnanmıram bundan sonra Şamaxıda belə bir adam dünyaya gəlsin. Ermənilər rahat davam edə bilərlər”.
Arxiv materiallarına görə, Şamaxının 15 min əhalisindən cəmi 1700 nəfəri salamat qaldı. Az müddətdə ermənilərin bu qədər adamı qırmaları hələ də tarix üçün müəmmalı olaraq qalır. Şamaxıda 10 min nəfərdən çox insanın qırılması məsələsi bu günə qədər tam araşdırılmayıb, tədqiq olunmayıb. Bizim çoxillik araşdırmalarımız isə bu günə qədər qaranlıq qalan məqamlardan xəbər verir.
Fikrimcə, bu məsələ, yəni Şamaxıdakı qırğınların strateji-məxfi planları açılsa, tədqiq olunub, ciddi araşdırılsa, görərik ki, Azərbaycan xalqının ən böyük fəlakəti – insanların kütləvi şəkildə qırılması məhz Şamaxıda baş verib.
Mart qırğınları zamanı Şamaxı qəzasında tamamilə məhv edilmiş 27 nəsil bizi düşündürməyə bilməz. Məsələn, rusiyalı professor A.M.Petrovski “Müharibələr... millətlər və böyük yerdəyişmələr” əsərində qeyd edir ki, məqsədli aparılan silahlı münaqişələrin ağır nəticələrindən biri də böyük insan nəsillərinin bilərəkdən tam məhv edilməsidir. Professor keçmiş ittifaq ərazisində baş verən kütləvi qırğınlardan danışarkən tarixə müraciət edir və mart qırğınlarını misal gətirir, Şamaxı qəzasında ermənilərin törətdikləri cinayətləri xatırladır. Göstərir ki, itirilmiş nəsillər gələcək Şamaxının həm mənəvi-fiziki, həm psixoloji-genetik cəhətdən dəyişməsinə güclü təsir edəcək.

Arxiv sənədlərindən: ermənilər Şamaxıda 27 nəslin kökünü kəsiblər

Tehran Milli Arxivində saxlanılan “Ənzəli qovluğunda” isə Məhəmməd Kərbəlayi Sultan adlı biri qeyd edir ki, ermənilər Şamaxıda cavan, sağlam və ağıllı nəsilləri sıraya düzüb, güllələdilər. Sonra meyitləri bir-birinin üstünə yığıb yandırdılar. Məlumatda o da bildirilir ki, bu ağır və insanı dəhşətə gətirən səhnələri həm ingilislər, həm də fransızlar lentə alıblar.
Deməli, əgər Fransa və İngiltərə arxivlərində bu istiqamətdə araşdırmalar aparılsa, kifayət qədər material əldə etmək olar. Rusiyanın Baş kəşfiyyat arxivinə gəlincə, orada qırğınlar vaxtı Şamaxının poçt-teleqrafına başçılıq edən S.Ambartsumovun 1918-ci il martın 23-də saat 16-da “erməni milli bürosu”nun rəhbəri doktor Zavriyevə ünvanlanmış teleqramı var. Erməni S.Ambartsumov Şamaxıda qırılan nəsillərin siyahısını və sayını göstərir. O, həm etiraf edir, həm də sevinclə bildirir ki, 27 müsəlman nəsli qırılıb. Arxivdə toplanmış sənədlərdə Yelizavetpol məxfi idarəsinin də bu faktları təsdiqləyən əlavə sənədi var. İki səhifəlik məlumat–arayışı kəşfiyyat mayoru, bilavasitə “erməni milli bürosu”nun Şamaxı özəyi ilə əlaqələr quran O.S.Aleksandrov-Nikolayev imzalayıb. Məsələn, Şamaxının mərkəzində yaşayan Məşədi Kamran Məşədi Əliağa oğlu Hüseynovlar nəsli. Bu nəslin 6 nümayəndəsi İraq, İran və Rusiyada təhsil almışdı. Otuz iki nəfərdən ibarət olan bu nəsil bir-birinə yaxın ərazilərdə yaşayırdılar. Məşədi Kamran özü Türkiyədə həkimlik ixtisasına yiyələnmişdi. Nəslin sonuncusu Cəmil Məşədi Əliağa oğlunun qız nəvəsi Gövhər doqquz yaşında idi. Digər faktlara nəzər salaq:
Kərbəlayi Qulu Bəşirovlar nəsli (51 nəfər, Kürdtənəsi);
Möhsünovlar nəsli (76 nəfər, Qonaqkənd);
Qədimovlar nəsli (35 nəfər, Dədəgünəş);
Qəniyevlər nəsli (29 nəfər, Məlikçoban);
Ağamalı Məşədi Hənfə oğlunun nəsli (42 nəfər, Çuxuryurd);
Camal (Hüseynxan) Hacı Qasım oğlunun nəsli ( ?, Qacarlı);
Uzun müddət çar Rusiyasının ordusunda xidmət etmiş Məhəmməd Məşədi Dadaş oğlunun nəsli (?, Kələkanı);
Məhəmməd Məşədi Dadaş oğlunun nəvələrindən olan 25 yaşlı Rəfi Məşədi Murad oğlu “Şeyx Şamaxı”nın partizan dəstəsində döyüşüb. S.Lalayanın göstərişi ilə Şamaxının mərkəzində edam olunub.
Məxfi qovluqlar Şamaxıda, həmçinin kütləvi şəkildə zəhərlənmiş insanları bir göz qırpımında məhv edən un və sudan bəhs edir. Ehtimal olunur ki, ermənilər burada, həmçinin maraqlı ölkələrin hərbi-sənaye komplekslərində hazırlanmış bir sıra dərman preparatlarını da sınaqdan çıxarıblar.
Araşdırma materiallarına görə, Azərbaycana və Türkiyəyə qarşı ermənilərin ilk “Direktivlər planı” Londonda, 1893-cü ilin əvvəllərində Böyük Britaniyanın Baş naziri olan Uilyam Qladstounun mənzil qərargahında hazırlanıb. Həmin vaxtdan etibarən ermənilər iki istiqamətdə hücum taktikasını işlədilər. Qafqazda və Türkiyədə olan fransız diplomatı F.D.Kambon yazır: “Erməniləri kütləvi şəkildə iki mühüm, lakin sadə olan ideyalarla tərbiyə etmək lazım idi. Birincisi, milli özünüdərketmə. İkincisi, erməni azadlığı. Hiss edirdim ki, Avropa bu ideyalar altında xəritədə “Ermənistan” deyilən bir yer axtarır. Amma bilinmirdi ki, bu “Ermənistan haradan başlayıb, harada qurtaracaq”. İngilislərin “direktivləri” əsasında Ermənistanın qurulmasına ikiyə bölünmüş, nəticədə gücsüz olan, qüvvədən düşən Azərbaycan torpaqlarından başlanmalı idi. U.Qladstounun məxfi “direktivləri”nin icrasına Fransa, Avstriya, Amerika da qoşuldu. Onları isə Londondan fərqli olaraq Türkiyə-Rusiya münasibətlərinin pozulması, baş verə biləcək qarşıdurmada hər iki dövlətin gücdən düşməsi, parçalanması maraqlandırırdı. Hər iki cəbhədə ermənilər lazımlı faktor, hadisələrin nüvəsi kimi diqqət mərkəzinə çəkilirdi. Həmin vaxt Parisdə və Londonda “Erməni manifesti” deyilən bir sənəd yayıldı. Ondan cəmi iki gün sonra, 1917-ci il sentyabrın 25-də Azərbaycanın Dərələyəz və Zəngəzur ərazilərinə böyük bir qrupda ingilis emissarları gəldilər. İngilis kəşfiyyat polkovniki Yum Robertin başçılıq etdiyi bu qrup ərazidəki “erməni milli birliyi”nin hmbapetləri (silahlı dəstələr) ilə görüşür, onlarla birlikdə Dərələyəz və Zəngəzur ərazilərinin strateji və həssas nöqtələrini araşdırırdılar. Göyçə gölünün yaxınlığında ilk ingilis-erməni hərbi düşərgəsi salındı. Rusiya və Türkiyə hadisələrə etinasız yanaşırdı. Çünki hər ikisinin potensial imkanları azalmışdı. Azərbaycan müdafiəsiz və tənha qalmışdı.
1918-ci ilin martın 1-də polkovnik Yum Robert kiçik bir dəstə ilə Dərələyəzdən Bakıya gəlir. Həm Londonu, həm də Vaşinqtonu Bakı nefti çox düşündürürdü. Londonda nəşr olunan “Daily Mail” qəzeti 1918-ci ilin martın 10-12-də bir-birinin ardınca Bakı nefti haqqında materiallar çap etdi. Nəticədə ilk dəfə olaraq İngilis mətbuatı, o cümlədən “Mİ-6”ya yaxın olan “Lonro” neft şirkətinə məxsus “The Observer” qəzeti 1918-ci il mart sayında Böyük Britaniyanın “Azərbaycan-Gürcüstan-Türkiyə” neft layihəsini ortaya qoydu.
Məlumata görə, Bakıya mart ayında ermənilər üçün ilk silah-sursat Göyçə gölünün yanında salınmış ingilis-erməni hərbi düşərgəsindən göndərilmişdi. Bakıda isə bu silahların bölünməsi və yerlərdə paylanması işinə Yum Robert özü baxırdı. Qafqazda müsəlmanları müdafiə məqsədilə yaradılmış Müvəqqəti Fövqəladə Komissarlığına isə Bakı Sovetinin sədri S.Şaumyan rəhbər təyin edildi. Eser Saakyan, daşnak Arakelyan, Nuricanyan, Melik-Bolçyan, eləcə də polkovnik Avetisov, briqada komandiri Amazasp, polkovnik Kazarov, Əmiryan, Yum Robert və başqaları Şaumyanın göstərişi ilə silah və digər hərbi sursatın bölüşdürülməsi ilə məşğul oldular.
1918-ci il mart ayının 12-də ingilis Yum Robertin dəstəsində Bakıya gələn ixtisasca həkim olan Edmond Henri və Test Kansell S.Şaumyanın otağında Stepan Lalayanla görüşdülər. Martın 13-də doktor Zavriyev və digər iki əcnəbi - Bredinq və Sind də görüşə qatıldılar. Digər araşdırma materiallarından aydın olur ki, Kapsell və Bredinq Şamaxı qırğınları zamanı S.Lalayanın yanında olublar. Bu haqda Çar Rusiyasının süqutundan sonra bir müddət işini davam etdirən Yelizavetpol məxfi idarəsinin xüsusi məlumatları var və həmin məlumatlar hazırda Rusiya Baş Kəşfiyyat İdarəsinin arxivində saxlanılır. Uzun müddət arxivdə çalışan, istefada olan polkovnik, kəşfiyyatçı A.A.Belov 1918-1920-ci illərdə Azərbaycanda erməni silahlı birləşmələri tərəfindən törədilmiş qırğınlarla bağlı xüsusi qovluqların olduğunu bildirib.
Araşdırma materiallarında göstərilir ki, 1918-ci ilin mart qırğınlarında Amerika tərəfi də öz maraqlarını gizlətmirdi. “The Vashinqton Post” qəzeti 1918-ci il martın 14-də Bakı nefti ilə bağlı iqtisadçı Pollun açıqlamasını vermiş və gələcəkdə çəkilməsi ehtimal olunan “Azərbaycan-İran-Fars körfəzi” neft layihəsini təklif etmişdi.

Amazasp: Mənə əmr verilib, Xəzər dənizindən
Şahdağa qədər bütün müsəlmanları məhv etməliyəm

1918-ci il azərbaycanlıların kütləvi qırğınlarında erməni polkovniki Amazaspın bəyanatı yayılmışdı. O deyirdi: “Mən erməni xalqının oğluyam və bu xalqın da maraqlarını qoruyacağam. Mən ölən və öldürülən ermənilərin qisasını alacağam. Mənə əmr verilib, Xəzər dənizindən Şahdağa qədər bütün müsəlmanları qırıb, məhv etməliyəm”.
Təəssüf ki, biz hələ də “əmr verənin” kim olduğunu bilmirik. Nəticədə “əmr verən” növbəti əmrini Qarabağda, Xocalıda verdi...
1918-ci ilin Mart qırğınlarında Şamaxıda on bir yaşayış məntəqəsində əsir götürülən, öldürülən əhalinin yandırılması haqqında məlumatlara gəlincə, həmin məlumatlar da Rusiya arxivlərində qorunur. Erməni tərəfi həmişə ehtiyat edir ki, Rusiya həmin materialları nə vaxtsa açıqlaya bilər. Məlumata görə, ermənilər Şamaxının Kələxana, Baharlı, Dədəgünəş, Qaraməmmədli, Bəklə, Məlikçobanlı, Quşçu, Poladlı, Göylər, Xocaman, Ləngəbiz yaşayış məntəqələrində insanları diri-diri yandırıblar. Hərbi həkim, professor L.S.Popov “Pravda” qəzetinin 1976-cı il 14 iyul tarixli nömrəsində törədilmiş genosidlə bağlı verdiyi açıqlamada iddia edir ki, insan külü torpaq qatında 150 ildən çox qala bilir...
Digər bir məlumata görə, 1919-cu il noyabrın 2-də Zaqafqaziya ali komissarının müavini, Zəngəzur və Dərələyəzin verilməsində iştirak edən amerikalı C.Rey Gəncədə olarkən xahiş edir ki, onu Gəncənin fəxri vətəndaşı seçsinlər. Gəncə bələdiyyə rəisi Ə.Xasməmmədov bununla bağlı Şəhər Dumasına rəsmi müraciət edir. Şəhər Duması noyabrın 4-də həmin məsələyə baxaraq qərara alır: “Polkovnik C.Rey Ceymz bəy adı ilə Gəncə şəhərinin fəxri vətəndaşı seçilsin”.
Başqa bir araşdırma materialında isə Qarabağda, Zəngəzurda və Dərələyəzdə olmuş ingilis jurnalisti Skotland-Liddel Londona məlumat verirdi: “Londonda “erməni bürosu” var. Buna bənzər təşkilatlar Fransada da, ABŞ-da da var. Onların ən çox sevdiyi metod ən alçaq reklam üçün xristian sözündən istifadə etməkdir. Azərbaycanda həqiqəti bilirlər. Əgər ingilis ictimaiyyəti bilmirsə də, ingilis nazirlikləri bunu bilməlidirlər”.

Qan yaddaşı 2018-11-10 14:58:00