Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalı keçirilir
Lənkəran, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 10-da səhər saatlarında Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında ikinci Çay, çəltik və sitrus festivalı başlanıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə keçirilən festivalda dövlət və hökumət, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları, mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak edirlər.
Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkdakı örtülü pavilyonlarda və vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilir. Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəsgahı təşkil olunub.
Bundan başqa, festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif kabablar təqdim edilir.
Tədbirdə bədii özfəaliyyət kollektivlərinin rəngarəng musiqi nömrələri ifa olunacaq, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək.
Festival axşam saatlarında Lənkəran Şəhər Mədəniyyət Mərkəzində respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatacaq.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb