Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vyanada “Son iclas” bədii-sənədli filmi nümayiş olunub VİDEO

Vyana, 9 noyabr, AZƏRTAC

Noyabrın 8-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Müstəqilliyi Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Son iclas” bədii-sənədli filminin nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova tədbirdə çıxış edib. Bildirib ki, 2018-ci ildə həm Azərbaycan, həm də Avstriyada ilk respublikanın yüz illik yubileyi bayram edilir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və mövcud olduğu 23 ay ərzində qazandığı nailiyyətlər barədə danışan L.Qasımova Cümhuriyyətin son günlərindən danışıb. Qeyd edilib ki, sənədli-bədii film Azərbaycan Parlamentinin son iclası fonunda Cümhuriyyətin bütün dövrünə nəzər salır, tarixi sənəd və faktlar əsasında Cümhuriyyət qurucularının qeyri-bərabər şəraitdə müstəqilliyin qorunması üçün necə çətin mübarizə apardığını göstərir. Həm ölkə daxilində, həm də ölkə xaricində düşmənlərin əlbir fəaliyyəti Azərbaycanda milli hökumətin süqutuna səbəb olsa da, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edə bildi. Həmin il oktyabrın 18-də Azərbaycan Ali Sovetində tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Müstəqilliyin bərpasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu.
Sonra ekran əsəri nümayiş olunub. Bədii-sənədli film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Cümhuriyyətin 100 illiyi münasibətilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Mədəniyyət 2018-11-09 01:17:00

Video