×
A
A
A
Sazlamalar

Tələbələrə müəllimlərin holoqramları dərs keçəcək

Bakı, 8 noyabr, AZƏRTAC

London İmperiya Kollecində tələbələrə müəllimlərin holoqramları dərs keçəcək. Mühazirə həm əvvəlcədən yazılmış formada, həm də real vaxt rejimində aparıla bilər.
AZƏRTAC robo-hunter.com saytına istinadla xəbər verir ki, bu, “Arht Media” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi sistem sayəsində mümkün olub. Los-Anceles və Toronto şəhərlərində yerləşən iki studiya yeni sistemlə təchiz edilib. Müəllim bu studiyaya gəlir, xüsusi kameralar burada baş verənləri lentə alır. Auditoriya ilə əlaqə saxlaması üçün onun qarşısındakı yüksək təsvir ölçülü ekranda tələbələrin əyləşdikləri otağın görüntüsü yayımlanır. Mühazirə zalında isə müəllimin təsviri xüsusi fonda şüşə ekrana proyeksiya edilir.
Holoqram eyni vaxtda bir neçə problemi həll edir: kadr çatışmazlığı, şəxsən mühazirə aparmağın qeyri-mümkünlüyü və sadə videoyayım zamanı auditoriya ilə zəif kommunikasiya. London İmperiya Kolleci yeni sistem vasitəsilə yayımlanan bir çıxışa təxminən 1300 dollar xərcləyəcək.

Texnologiya 2018-11-08 12:57:00