×
A
A
A
Sazlamalar

“Nərimanov” elektrik deposunda əsaslı təmir sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb

Bakı, 6 noyabr, Elvin Camalov, AZƏRTAC

“Nərimanov” elektrik deposu ərazisində istifadəyə verilmiş vaqonların əsaslı təmiri sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb.
Ən müasir standartlara uyğun olaraq təchiz edilmiş bu sexdə qatarlar nəinki əsaslı şəkildə təmir olunur, həm də modernləşdirilir. Bu isə vaqon parkının sağlamlaşdırılması, istismar xərclərinin azaldılması, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması kimi iqtisadi əhəmiyyətli məsələlərdə yüksək səmərəyə nail olunması istiqamətində tarixi addım deməkdir. Nəticədə, qatarlar görkəmini tamamilə dəyişir, ən əsası, onların hərəkət təhlükəsizliyi artırılır, texniki xarakteristikası xeyli yaxşılaşdırılır, istismar və qulluq prosesi asanlaşır, işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaranır.
Yeniləşmə çərçivəsində 23 vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirilib, vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi yenilənib. 15 vaqonun salonu müasir və qənaətli LED işıqlanma sistemi ilə əvəzlənib. Vaqonların ön hissəsinin yeni dizaynı isə modernləşdirmənin zahirən ən cəlbedici əlamətinə çevrilib. Əldə olunan nailiyyətlər istehsal sahəsinin genişləndirilməsini tələb etdiyindən yeni sexin inşası zərurətə çevrilib və Bakı metropoliteninin 50 illik yubileyi ərəfəsində sexin inşası başa çatıb. Sexin illik istehsal gücü 20 vaqondur. Burada vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri, antikorroziya tədbirlərinin görülməsi, yuyulması, rənglənməsi üçün nəzərdə tutulan sahələr müasir texniki tələblər səviyyəsində qurulub.
Təmir prosesində vaqonlar müasir tələblərə uyğun modernləşdirilir, yeni texnologiyalarla zənginləşdirilir. Bu proseslərin yerinə yetirilməsi üçün sex hər bir şəraitlə, lazımi avadanlıq və ləvazimatla təmin olunub. Sexdə daha 5 vaqon üzərində iş aparılır. Ötən qısa müddətdə əldə olunan təcrübə bu vaqonlarda modernləşdirmənin daha geniş miqyasda tətbiqinə şərait yaradıb. Bu isə istismara verilmiş yeni sahənin imkanlarının get-gedə genişlənəcəyindən xəbər verir.

Nəqliyyat 2018-11-06 16:22:00