×
A
A
A
Sazlamalar

Musiqili Teatrın yaradıcı gəncləri xarici qonaqları təəccübləndirib

Bakı, 1 noyabr, AZƏRTAC

“Four Seasons” otelində Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq, təbliğ etmək məqsədilə Rusiya, İngiltərə, Portuqaliya, İtaliya və dünyanın digər yerlərindən ölkəmizə gələn qonaqlar üçün yaddaqalan şou-proqram təqdim olunub.
Proqramda Azərbaycanın incəsənət nümayəndələrinin nümayiş etdirdiyi nömrələr sırasında Azərbaycan Dövlət Musiqili Teatrın əməkdaşı Zaur Əliyevin quruluşunda dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası da olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində baş qəhrəmanlar - Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbəti, Süleyman, Asya, Cahan xala, Soltan bəy, Telli, Vəli və digər obrazların özünəməxsusluğu pantomim hərəkətlərlə göstərilib.
Musiqili, klassik pantomim janrında ifa olunan bu səhnəcik aktyorların obrazlı hərəkətləri, milli geyimlərinin rəngarəngliyi ilə xarici turistlərin diqqətini çəkib, rəğbətlə qarşılanıb.
Tamaşanı teatrın gənc aktyorları - Əmrah Dadaşov, Ruslan Mürsəlov, Nərmin Əliyeva, Fərid Muradoğlu, Pərvin Dadaşov, Eleanora Mehdiyeva, həmçinin teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının gənc istedadları - Nadir Rzayev, Nigar Qarayusifli ifa ediblər.

Teatr və kino 2018-11-01 17:18:00