×
A
A
A
Sazlamalar

Kiçik və orta biznesin inkişafı sahəsində Azərbaycan və Səudiyyə Ərəbistanının birgə əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib

Bakı, 30 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.
KOBİA-dan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti "Səhrada Davos" kimi beynəlxalq səviyyədə tanınmış Gələcək İnvestisiya Təşəbbüsləri konfransında iştirak edib, eləcə də Ər-Riyad və Ciddə ticarət palatalarının rəhbərləri ilə qarşılıqlı biznes imkanlarına dair ikitərəfli görüşlər keçirib.
Səfər çərçivəsində ölkəmizdə biznes və investisiya marağında olan bir sıra biznes sektorunun nümayəndələri ilə qarşılıqlı maraq doğuran faydalı işgüzar müzakirələr aparılıb və əməkdaşlıq memorandumu imzalanıb.
Nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində İslam İnkişaf Bankı Qrupunun Ciddə şəhərində yerləşən baş ofisində İslam İnkişaf Bankı və Qrupun digər təşkilatlarının (ICD, ITFC və ICIEC) rəhbərləri və işçi heyəti ilə intensiv görüşlər təşkil edilib. Görüşlərdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində son dövrlər həyata keçirilən tədbirlər, eləcə də, KOBİA-nın inkişaf istiqamətləri və strateji təşəbbüslər haqqında ətraflı məlumat verilib.
İslam İnkişaf Bankı Qrupu tərəfindən ölkəmizdə bu istiqamətdə görülən tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilərək, Qrupun hazırda üzv ölkələrdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində tətbiq etdiyi mexanizmlər barədə KOBİA-nın nümayəndə heyətinə məlumatlar verilib, təqdimatlar edilib.
Görüşlər nəticəsində ölkəmizdə KOB-ların inkişaf etdirilməsi sahəsində birgə əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib, potensial layihələr müzakirə edilib.

Biznes 2018-10-30 16:38:00