×
A
A
A
Sazlamalar

® Əl oyunları tənbəl göz sindromunun müalicəsində istifadə olunur

Bakı, 24 oktyabr, AZƏRTAC

Zəmanəmizdə bəlkə bir sosial stereotipə çevrilmiş smartfon və ya əl oyunlarının, görmə zəifliyinin əsas səbəbi kimi tanındığı halda, biz oftalmoloqlar, tənbəl göz sindromunun–ambliopiyanın bir sıra növlərinin müalicəsində bu cihazların tətbiqini məsləhət görürük.
Ambliopiya daha çox uşaqlarda rast gəlinir və görmənin çox hissəsinin itkisinə səbəb olur. Bu problem dünya əhalisinin ümumilikdə 3-4 faizini təşkil edir. Bu zaman zəif görən göz beyinə dağınıq təsvirlər göndərir. Nəticədə beyin zəif görən gözdən aldığı təsviri nəzərə almamağa məcbur olur və tədricən o gözün varlığını “unudur”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın oftalmoloqu, dosent Aysel Qəlbinur bildirib.
Həkim deyib: “Yetkin yaşlarda meydana çıxan ambliopiya qalıcı olur ki, bu da pasiyentlərin dərinlik gərəkdirən sənət sahibi ola bilmələrinə çətinlik törədir. Bu göz, yaxşı görən gözü də yükləyərək, həyat keyfiyyətini aşağı salır. Ambliopiyanın müalicəsində qızıl standart sağlam gözü qapamadır. Qaydalı qapamaya əlavə olaraq eynək korreksiyası və pleoptik müalicə bir sıra cihazlarla davam etdirilir. Son illər ərzində alimlər (McGill University Health Centre) müəyyən ediblər ki, populyar əl oyunlarından hesab olunan “Tetris”, hər iki gözü məşq etdirərək, onların bərabər çalışmasına şərait yaradır.
Yeddi yaşadək uşaqlar nevroloji baxımdan tam yetkin deyil. Əgər görməyə əngəl olan faktor varsa, beyin bir və ya iki gözün fəaliyyətini tədricən dayandırır. Bu isə o deməkdir ki, belə hallar erkən yaşda aşkar edilməli və tezliklə müalicə olunmalıdır. Belə ki, məsələn, 10 yaşına çatan uşaqda aşkar edilən ambliopiya həyəcan siqnalı ilə bizi xəbərdar etsə də, gec olmasına baxmayaraq, müalicəni dayandırmırıq. Son kliniki çalışmalarımızdan məlum olub ki, hətta 16 yaşında pasiyentlərdə tənbəl gözün müalicəsi üçün tətbiq olunan bir sıra bərpa üsulları ilə yanaşı “Tetris” əlavə edildikdə daha yaxşı nəticə əldə etmək mümkündür. Bu, məşğələ şəklində, xüsusi qrafikə uyğun təyin edilməlidir.
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada 19 milyona yaxın uşaq görmə zəifliyindən əziyyət çəkir. Bunların 12 milyonunun səbəbi refraksiya qüsurlarıdır. Uşaqlarda bu rəqəmi azaltmaq üçün görmənin erkən mühafizəsini aparmaq lazımdır ki, bu da bizim məqsədimizə çevrilib.

Sağlamlıq klubu 2018-10-24 17:39:00