×
A
A
A
Sazlamalar

® Şəkərli diabetin yaratdığı göz fəsadları

Bakı, 23 oktyabr, AZƏRTAC

Şəkərli diabetin yaratdığı göz fəsadları, yəni diabetik retinopatiya ən az beş il diabetdən əziyyət çəkən insanlarda meydana çıxan göz damarlarının xəstəliyidir. Gözümüzün dibində retina adlı bir qişa var və o, bizim görmə qabiliyyətimizi təmin edir. Şəkər, məhz retinadakı gözümüzü qidalandıran damar divarlarını zədələyərək çoxsaylı çatlar yaradır. Nəticədə qan həmin çatlardan kənara sızır. İlkin mərhələdə görmə qabiliyyətində heç bir azalma olmadığı üçün insan xəstəliyin gedişindən xəbərsiz olur. Xəstəlik səssiz keçdiyindən yalnız həkim tərəfindən göz dibi müayinəsi zamanı aşkarlanır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın oftalmoloqu Günel Xalıqverdiyeva bildirib.
Həkim deyib: “Təsəvvür edin ki, dibçəkdə bir gülümüz var və onu sulamaq istəyirik. Amma qabda dəliklər var deyə su oradan axaraq yerə tökülür və gülümüz susuz qalır. Eyni ilə göz damarlarımızdakı qan çatlardan kənara sızaraq göz dibindəki hüceyrələrə gedib çata bilmir. Xəstəliyin növbəti mərhələsində gözün qidalanması pozulduğundan görmə zəifləyir. Cavab olaraq gözümüz oksigenlə qidalanmanı artıra bilmək üçün yeni damarlar yaratmağa başlayır. Lakin bu yeni damarlar təəssüf ki, xəstə damarlardır və onların divarları çox nazik olduğu üçün böyük qanaxmalara yol açır. Bunun nəticəsi olaraq qəfildən görmə itkisi, korluq yaranır.
Şəkərli diabet xəstələrinə tövsiyəm budur ki, xəstəlik gözlərinizə fəsad verməmiş mütləq ildə bir dəfə göz dibi müayinəsindən keçin. Onu da qeyd edim ki, vaxtında aparılan damlalı müayinə və müasir müalicə üsulları sayəsində görmə itiliyini artırmaq, yarana biləcək korluğun qarşısını almaq mümkündür. Bunun üçün lazer üsulu, xüsusi göziçi inyeksiyalar uğurla tətbiq edilir.
Gözünüzdən və özünüzdən muğayat olun”.

Sağlamlıq klubu 2018-10-23 14:33:00