×
A
A
A
Sazlamalar

Həştərxanda Xəzəryanı ölkələrin işgüzar qadınlarının forumu keçiriləcək

Həştərxan, 23 oktyabr, AZƏRTAC
“Bu il iyul ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Həştərxan vilayətinin işgüzar qadınlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edib, orada Azərbaycanın İşgüzar Qadınlar Assosiasiyası ilə qarşılıqlı fəaliyyət yolları müzakirə olunub”.
Həştərxan vilayəti Dumasının deputatı, Həştərxanda qadın sahibkarlığının əlaqələndiricisi İrina Brıntseva bu fikirləri “Həştərxan-Azərbaycan: sahibkar qadınlar forumu” çərçivəsində söyləyib.
AZƏRTAC xəbər verir ki, Brıntsevanın sözlərinə görə həm Rusiyada, həm də Azərbaycanda qadın sahibkarlığının inkişafı məsələlərinə xüsusi diqqət yetirilir. Azərbaycana səfər dövründə çox səmərəli görüşlər keçirilib. Budəfəki tədbir çərçivəsində sahibkar qadınların ustad dərsləri, ekspert sessiyaları, onların biznes layihələrinin təqdimatı planlaşdırılır.
İ.Brıntseva onu da bildirib ki, gələn il aprel ayında Xəzəryanı ölkələrin işgüzar qadınlarının görüşünü keçirmək nəzərdə tutulur. İ.Brıntseva deyib: “Gələn il aprel ayında Rusiyadan, Azərbaycandan, İrandan, Qazaxıstandan və Türkmənistandan olan iştirakçıları işgüzar foruma toplamaq planlaşdırılır. Xəzəryanı ölkələrdən olan qadınların oxşar mentaliteti, oxşar imkanları var, Xəzər bizi birləşdirir, elə isə bu cür genişmiqyaslı layihəni niyə reallaşdırmayaq? Azərbaycan tərəfi artıq razılığını bildirib. O, qonşu ölkələrin cəlb edilməsi məsələsində bizim strateji tərəfdaşımız olmağa hazırdır. Həmin forumun yekunlarına əsasən, biznes maraqlarının birləşdirdiyi Xəzər Qadınları İttifaqı yaratmağı planlaşdırırıq”.
İ.Brıntseva vurğulayıb ki, bu layihənin həyata keçirilməsi Xəzəryanı ölkələr arasında əmtəə dövriyyəsini artırmağa şərait yaradacaq. O deyib: “Qadın biznesinin iqtisadiyyatı belədir ki, ixracla bağlı işlər cəmi 5 faiz təşkil edir, hərçənd potensial imkanlar çox böyükdür. Beynəlxalq forum əməkdaşlığa kömək edəcək, bu ideya bizim regionun rəhbərliyi səviyyəsində dəstəklənib”.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Həştərxan

Biznes 2018-10-23 12:10:00