×
A
A
A
Sazlamalar

Ateroskleroz ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir

Bakı, 22 oktyabr, AZƏRTAC 

Ateroskleroz qan damarlarının xroniki xəstəliyidir. Bu xəstəliyin əsas xüsusiyyəti “pis” xolesterinin damarların daxili divarlarında yığılması, divarların qalınlaşması və elastikliyini itirməsidir. Damarlar yağ və kirəcləşmədən qalınlaşır, elastikliyin itirir, sıxılır ki, bu da orqanlarda qan çatışmazlığı yaradır və nəticədə damar tutulur. Qanın laxtalanması müşayiət olunduqda, tromboza meyillilik yaranır və orqanlarda işemik zədələnmə meydana çıxır.
Ümumiyyətlə ateroskleroz ölümlə nəticələnən təhlükəli xəstəliklərdən biri hesab edilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın terapevti Şəhla Abbasova bildirib.
Həkim deyib: “Ateroskleroz əksər hallarda ürəyin, beynin, ayaqların, qan dövranında problem yarananda üzə çıxır, yəni bu xəstəliyin diaqnozu son mərhələdə müəyyənləşir. Bu xəstəlik ürək-damar patologiyalarının inkişafının əsas səbəblərindən biridir. Bunlara ürəyin işemik xəstəliyi və miokard infarktı da aiddir. Aterosklerozun yaranma səbəblərinə 40-dan yuxarı yaş həddi, hipertoniya, siqaret çəkmə, şəkərli diabet, artıq çəki, qanda “pis” yağların yüksək göstəricisi, irsi meyllilik, yağ xolesterinlə zəngin qidaların istifadəsi daxildir.
Xolesterin orqanizmdə daim əmələ gəlir və hüceyrə membranların qurulmasında cinsi, steroid hormonların, vitamin D sintezində iştirak edir. Bütün xolesterolun 50-80 faizi qaraciyərdə, qalan hissəsi isə heyvan mənşəli məhsullarla hazır vəziyyətdə orqanizmə daxil olur. Xolesteron suda həll olmadığı üçün onun orqan və toxumalar arasından nəqli suda həll olunan zülal və lipoproteinlərin birləşməsi ilə baş tutur. Aşağı sıxlıqlı lipoproteinlər xolesterini toxumalara daşıyır. Digəri yuxarı sıxlıqlı lipoproteinlər isə artıq olan xolesterini hüceyrələrdən çıxarır. Buna görə “pis” və “yaxşı” xolesterin anlayışı ortaya çıxır. “Pis” xolesterinin artıqlığı və “yaxşı” xolesterinin azlığı ateroskleroz yaradır. Heç bir insan aterosklerozun başlanğıcını hiss etmir. Belə ki, bu proses tədricən, gənc yaşlardan başlayır. Lakin müasir tibbin köməyi ilə ateroskleroz erkən mərhələdə təyin edilir və sonrakı müalicəsi öz effektini göstərir. Buna görə tez-tez xolesterol və lipoproteinlərin qanda təyinini aparmaq lazımdır.
Aterosklerozun qarşısını almaq üçün, ilk növbədə, siqaretdən imtina etmək, çəkini tənzimləmək, yeməkdə müəyyən məhdudiyyətlər yaratmaq və fiziki fəaliyyəti artırmaq lazımdır”.

Sağlamlıq klubu 2018-10-22 17:04:00