×
A
A
A
Sazlamalar

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

Bakı, 22 oktyabr, AZƏRTAC
Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək.
"Caspian European Club"dan AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilində məqsəd elm və biznes arasında dialoqun genişləndirilməsidir.
Biznes foruma AMEA-nın prezidenti, akademik Akif Əlizadə sədrlik edəcək. Akademik forum iştirakçılarını maraqlandıran bütün sualları cavablandıracaq, AMEA-nın fəaliyyəti və "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-nin nailiyyətləri haqqında geniş məlumat verəcək.
Tədbirdə "Caspian European Club" təşkilatının saytında qeydiyyatdan keçmiş beynəlxalq təşkilatların, diplomatik korpusun, dövlət və özəl şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
Qeydiyyatdan keçmək üçün link: http://caspianenergy.org/index.php/az/registration/item/349-business-forum-01-11-2018
Qeyd edək ki, "Caspian European Club" təşkilatı 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Təşkilatın fəaliyyəti neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə yönəlib. Dünyanın 70 ölkəsində fəaliyyət göstərən 5000-dən artıq şirkət və təşkilatı özündə birləşdirən "Caspian European Club", "Caspian American Club" və "Caspian Asian Club" dövlət strukturları və özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal tədbirlər həyata keçirir.

Biznes 2018-10-22 15:28:00