×
A
A
A
Sazlamalar

Cənub bölgəsində Dövlət Müstəqilliyi Günü qeyd olunub

Astara, 18 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 18-də ölkəmizin cənub bölgəsində Dövlət Müstəqilliyi Günü yüksək əhval-ruhiyyə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini əlamətdar gün - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
Xalqın illər boyu özündə yaşatdığı istiqlal ideyasını gerçəkləşdirən tarixi şəraitdən, müstəqillik uğrunda aparılan mübarizədən və bu müstəqilliyin qorunub möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan R.Hüseynov bildirib ki, XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər Azərbaycan üçün də yeni üfüqlər açdı, xalqımız ən yeni tarixində bir daha müstəqil və azad yaşamaq hüququ qazandı: “1991-ci il avqustun 30-da Müstəqillik Bəyannaməsini, həmin il oktyabrın 18-də isə Dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edən Azərbaycan Ali Soveti hələ sovetlər birliyinin beynəlxalq hüququn subyekti kimi tanındığı bir vaxtda Azərbaycan Respublikasının rəsmi olaraq suveren və müstəqil dövlət olduğunu və Azərbaycan xalqının öz taleyini artıq özünün müəyyənləşdirdiyini bəyan etdi.”
Qeyd olunub ki, Ulu Öndərin uzaqgörən dünyəvi dövlət quruculuğu və milli inkişaf konsepsiyası 2003-cü ildən yeni dövrün lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət müstəqilliyi daha da möhkəmlənib, suverenleyimiz əbədi və dönməz xarakter alıb.
Azərbaycan Prezidentinin 15 illik fəaliyyətindən danışan R.Hüseynov ölkəmizin dünyanın böyük dövlətləri üçün nümunəyə, Cənubi Qafqazın lider ölkəsinə çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Masallı Dövlət Regional Kollecinin metodisti Baba Həsənov, Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Qadınlar Şurasının üzvü Kinəxanım Əliyeva, Hacıtəpə kənd məscidi dini icmasının sədri Nəcəfqulu Quluyev, Masallı şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Əli Alışlı müstəqillik yolunda Azərbaycan xalqının çoxillik mübarizə tarixindən və ölkəmizin qazandığı uğurlardan danışıblar.
X X X
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Müstəqiliyi Gününə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir” mövzusunda keçirilən tədbirin iştirakçıları Mərkəzin foyesində təşkil edilmiş rəsm sərgisi ilə tanış olub, sənədli filmə baxıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
1991-ci il avqustun 30-da Azərbaycan parlamentində müstəqillik haqqında Bəyannamə və oktyabrın 18-də Konstitusiya Aktının qəbul edildiyini xatırladan E.Kazımova 1918-ci ildə olduğu kimi, 1991-1993-cü illərdə də müstəqilliyimizin ciddi təhlükələrə məruz qaldığını diqqətə çatdırıb. Qeyd olunub ki, çıxılmaz vəziyyətdə olan Azərbaycan xalqı nicat yolunu ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Xalq özünün xilaskarına üz tutaraq, onu təkidlə yenidən siyasi rəhbərliyə qayıtmağa çağırdı. Doğma xalqına qəlbən bağlı olan Ulu Öndər ömrünün qalan hissəsini də xalqına bağışladı. 1993-cü ilin 15 iyunundan başlayaraq Ümummilli Liderimiz milli dövlətçiliyimizi tarixi düşmənlərin qəsdindən qorumaq və onu rəvan inkişaf yoluna çıxarmaq üçün nəsillərə örnək olan tarixi fəaliyyətə başladı.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz tərəqqi yolunda inamla addımlayır. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu ildən-ilə artır.
Tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçısı Mirzəli Bayramov, Astara Pedaqoji Kollecinin müəllimi Ülkər İsgəndərova, Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova mövzu ilə bağlı çıxış ediblər.


X X X


Lənkəran Dövlət Universitetində (LDU) keçirilən bayram tədbirində çıxış edən universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən İdrak Əsgərov ali təhsil müəssisəsinin müəllim və tələbələrini əlamətdar gün münasibətilə təbrik edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Müstəqilliyi Gününü Azərbaycan tarixinin şanlı səhifəsi kimi dəyərləndirən İ.Əsgərov Prezident İlham Əliyevin 15 illik fəaliyyəti dövründə qazanılmış böyük uğurlardan danışaraq, müstəqil dövlətdə yaşayıb çalışmağın hər bir vətəndaş üçün qürurverici olduğunu bildirib.
Tədbirdə Dövlət Müstəqillik Günü ilə bağlı humanitar fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudovun məruzəsi dinlənilib.
Məruzəçi müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan çətin olduğunu vurğulayaraq, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahədə apardığı çoxşaxəli fəaliyyətdən, müstəqil Azərbaycanın qazandığı uğurlardan danışıb.
Universitetin tələbəsi Aytac Tacibzadə çıxışında xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən bəhs edərək, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin Sessiyasında qəbul edilmiş Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının xalqımız üçün taleyüklü sənəd olduğunu diqqətə çatdırıb.

Regionlar 2018-10-18 19:29:00