×
A
A
A
Sazlamalar

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məşğələlər davam edir

Bakı, 18 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib seçilən “Möcüzəni sən də yarat” layihəsi çərçivəsində məşğələlər davam edir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, Bakı Modern Təhsil Kompleksinin müəllimi Sona Həsənovanın rəhbərlik etdiyi layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların kənarda qalmamalarını nəzərdə tutan və onların bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaflı təlim prosesini yaratmaqdır. Həmçinin uşaqların robototexnika avadanlığı vasitəsilə əl, nitq, təfəkkür bacarıqlarını təkmilləşdirməkdir.
Layihə çərçivəsində artıq işçi qrupu yaradılıb və proqram materialları hazırlanıb. Habelə internat məktəblərinin direktorları ilə görüşlər keçirilib, reklam flayerləri, informativ plakatlar paylanılıb, valideynlər üçün seminarlar və görüşlər təşkil edilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərdən layihəyə artıq 40 şagird cəlb olunub. Belə ki, psixoloq həmin uşaqlarla fərdi söhbət edir, onlar üçün fərqli oyunlar keçirir.
S.Həsənova diqqətə çatdırıb ki, layihənin ümumi icra müddəti dörd aydır. Bu gün layihə üzrə işlər tam planlaşdırılmış şəkildə davam edir. Layihənin sonunda şagirdlərin möhtəşəm robot sərgisi təşkil olunacaq. Hər bir şagirdə diplom və hədiyyələrin təqdim ediləcək.

Elm və təhsil 2018-10-18 19:21:00