×
A
A
A
Sazlamalar

Avstraliya Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmanı ratifikasiya edib

Tokio, 18 oktyabr, AZƏRTAC 

Avstraliya parlamenti azad ticarət haqqında Trans-Sakit okean Tərəfdaşlığı çərçivəsində razılaşmanı ratifikasiya edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu, 11 ölkə arasında imzalanan razılaşmanın qüvvəyə minməsini tezləşdirəcək. Avstraliya parlamenti bu razılaşmanı 33 nəfər lehinə, 15 nəfər əleyhinə olmaqla ratifikasiya edib. Avstraliya da Meksika, Yaponiya və Sinqapur kimi, razılaşmanın qəbulu barədə daxili prosedurları tezliklə başa vuracaq.
Avstraliyanın Baş naziri Skott Morrison bəyanatla çıxış edərək bildirib ki, bu taleyüklü razılaşma nə vaxtsa imzalanmış ticari işbirliyinin ən böyük nümunələrindən biridir. Baş nazirin qeyd etdiyinə görə, bu sənəd avstraliyalı ixracatçılara böyük üstünlüklər yaradacaq.
Xatırladaq ki, razılaşma 6 iştirakçı dövlət onu ratifikasiya etdikdən ən azı 60 gün sonra qüvvəyə minəcək.
İştirakçı dövlətlərdən olan Yeni Zelandiya, Kanada və Vyetnam razılaşmanı cari ilə ərzində ratifikasiya etmək niyyətindədirlər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-10-18 18:08:00