×
A
A
A
Sazlamalar

Azərbaycan və Gürcüstan tibb universitetləri arasındakı əlaqələr gücləndirilir

Bakı, 18 noyabr, AZƏRTAC

Gürcüstanın əsas ali məktəblərindən olan Tiflis Dövlət Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.
ATU-dan AZƏRTA-a bildiriblər ki, görüşdə Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov bu tibb ocağının tarixi haqqında qonaqlara məlumat verib.
Prorektor qeyd edib ki, hazırda ölkənin aparıcı ali məktəblərindən biri olan ATU 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılıb: “ATU hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetimizin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilib ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır. Hazırda universitetin nəzdində fəaliyyət göstərən Tədris Stomatoloji, Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarında tələbələrin keyfiyyətli təhsili, praktiki məşğələlər, laboratoriya işlərinin aparılması üçün lazımi maddi-texniki baza var. ATU-nun klinikalarla yanaşı, altı tədris binası, inzibati binası və 1700 yerlik altı tələbə yataqxanası var”.
Görüşdə Azərbaycan universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov ATU-nun əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, alimlər yetişdirən elm ocağı olduğunu deyib. Burada tədris prosesi birbaşa elmi tədqiqatlar və səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir.
ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Orxan İsayev hazırda universitetdə 2000-ə yaxın xarici tələbənin təhsil aldığını bildirib. Onlar arasında Türkiyə, İran, İraqdan olan gənclərin üstünlük təşkil etdiyini qeyd etdi. Xarici tələbələrin qəbulu prosesindəki yeniliklər barədə məlumat verən O.İsayev onu da bildirdi ki, artıq beş aydır əcnəbi vətəndaşlar yeni üsulla–“Skype” vasitəsilə müsahibə əsasında universitetə qəbul olunurlar.
Gürcüstanın dövlət universitetinin xarici tələbələrlə iş üzrə dekanı, professor Davit Tophuriada öz növbəsində təmsil etdiyi ali məktəb haqqında məlumat verib: “Tiflis Dövlət Tibb Universitetinin də yaranma tarixi ATU kimi ötən əsrin 30-cu illərinə təsadüf edir. Hazırda beş mindən çox tələbəsi olan bu universitetdə təhsil alanların 10 faizi əcnəbilərdir. Beş əsas fakültəsi olan universitet ATU ilə tələbə və təcrübə mübadiləsinin yaranmasında çox maraqlıdır”.
Tiflis universitetinin elmi işlər üzrə prorektoru, professor Khatuna Todadze də iki ali müəssisə arasında münasibətlərin sıxlaşdırılması, davamlı birgə layihələrin icra olunmasının, mövcud əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələrdən sonra tərəflər arasında mövcud əməkdaşlıq sazişinin yenilənməsinə dair razılıq əldə olunub.

 

Səhiyyə 2018-10-18 17:47:00