×
A
A
A
Sazlamalar

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-də Dövlət Müstəqilliyi Günü qeyd edilib

Bakı, 18 oktyabr, AZƏRTAC 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir təşkil edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin suverenliyi yolunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Xalqımızın müstəqillik mübarizəsinə həsr olunmuş videofilm nümayiş etdirilib.
Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli, Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Atamoğlan Məmmədli xalqımızın tarixboyu apardığı istiqlal mübarizəsindən söz açıblar.
Vurğulanıb ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranmış tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edilib.
Qeyd olunub ki, gərgin geosiyasi və ölkədaxili vəziyyətdə aparılan dövlət quruculuğu ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra vüsət alıb. Konstitusiya qəbul edilib, demokratik təsisatlar yaradılıb, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm addımlar atılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətə çevrilib. İnamla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan hər keçən il öz müstəqillik təməllərini gücləndirməkdədir.
Sonda tarixçi-alim öz kitablarını Səhmdar Cəmiyyətin kitabxanasına hədiyyə edib.

İqtisadiyyat 2018-10-18 17:27:00