×
A
A
A
Sazlamalar

Kino həyatın bir zərrəsidir

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq Oqtay Mirqasımovun yaradıcılığının kino tariximizdə xüsusi yerə malik olduğunu qeyd edib.
Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov onun kinematoqrafiya sahəsində xidmətlərindən danışıb və ona səmimi arzularını çatdırıb.
Oqtay Mirqasımovun filmlərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, bu filmlərdə vətənpərvərlik mövzusu, cəsarət və mərdlik hissləri qabarıq şəkildə təqdim edilir. Kinorejissor Vətənə, onun tarixinə, adət-ənənələrinə böyük məhəbbətlə yanaşır, istedadlı insanları öz əsərlərində əbədiləşdirir.
Əməkdar incəsənət xadimi, görkəmli kino tənqidçisi Aydın Kazımzadə qeyd edib ki, Oqtay Mirqasımov bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Onun filmləri beynəlxalq kino festivallarında mükafatlar qazanıb. Kinorejissor filmlərin çəkilişində musiqiyə böyük əhəmiyyət verir. Onun görkəmli incəsənət xadimləri Qara Qarayev və Rəşid Behbudov haqqında çəkdiyi filmlər öz orijinallığı ilə seçilir.
Təbrizdən təşrif buyuran həmyerlimiz Hədyə Zəhra Əhmədi O.Mirqasımova dahi Füzulinin qəzəllərini və ustad Şəhriyarın şeirlərini ərməğan edib.
Yubiley gecəsində kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş “Oqtay Mir-Qasım–75” adlı virtual fotoalbom nümayiş olunub, kinorejissorun filmlərindən fraqmentlər göstərilib.

Mədəniyyət 2018-10-18 17:11:00