×
A
A
A
Sazlamalar

Türkdilli dövlətlər birgə iqtisadi layihələrin həyata keçirilməsini müzakirə edib

Bakı, 18 oktyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin iqtisadiyyat nazirlərinin 8-ci iclasında iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şura üzvü olan dövlətlər arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanlar müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatımız, üzv ölkələrlə iqtisadi sahədə həyata keçirilən layihələr, qarşılıqlı investisiya qoyuluşları və ticarət əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə Şuraya üzv olan dövlətlər arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyi vurğulanıb, görüşdə aparılan müzakirələrin əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

İqtisadiyyat 2018-10-18 15:00:00