×
A
A
A
Sazlamalar

Azərbaycan 14 ildən çoxdur beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verir

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan 14 ildən çoxdur beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Milli maraqlar baxımından bu işə daim həssaslıqla yanaşılıb, qarşıda duran vəzifələr sistemli şəkildə yerinə yetirilib. Bu müddətdə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 1321 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb. Nəticədə 538 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib, müəyyənləşdirilən 873 nəfər insan alveri qurbanının cəmiyyətə reinteqrasiyası təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 18-də Avropa İttifaqının (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliklərinin Aİ-nin İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunan tədbirində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov deyib.
Heydər Heydərov bildirib ki, Azərbaycanda insan alveri qurbanlarının müəyyənləşdirilməsi, onların milli istiqamətləndirmə mexanizmi, sosial reabilitasiyası, xüsusi müəssisələrdə yerləşdirilməsi, öz ölkələrinə repatrasiyası qaydaları normativ müstəvidə təsbit edilib, uşaqlarla bağlı yanaşmanın spesifik proseduru dəqiqləşdirilib. İnsan hüquqları və insan alveri qurbanlarının müdafiəsi qanunvericiliyin özəyini təşkil edib, insan alveri əməlləri insan hüquqlarını kobudcasına pozan şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan ağır və xüsusilə ağır cinayət qismində müəyyənləşdirilib. Azərbaycanda insan alveri qurbanlarının kompensasiya almaq, bərpa və fikirləşmək müddəti yenilənən yaşayış icazəsi ilə təmin olunmaq, istismar dövründə törətdikləri hüquqazidd əməlləri tanınıb və uğurla realizə edilməkdədir. İnsan alveri qurbanları, könüllü qaydada ödənişsiz sosial reabilitasiya və təhlükəsizlik tədbirləri ilə əhatə olunmaqla onlara tibbi, hüquqi, psixoloji, maddi, məişət, yaşayış yeri yardımları ödənişsiz göstərilir, normal həyata tərzinə qayıdışı təmin edilir.
“Əldə edilən nəticələr bir sıra mötəbər beynəlxalq tərəfdaşların, ekspertlərin rəy və hesabatlarında müsbət dəyərləndirilib, müvafiq sahədə Azərbaycan təcrübəsi bir çox xarici dövlətlərin əlaqədar qurumlarının diqqət mərkəzində olub”, - deyə Baş İdarəsinin rəisi vurğulayıb.

Sosial 2018-10-18 14:52:00