×
A
A
A
Sazlamalar

Olimpiya çempionu Yelizaveta Luzan: Komanda yarışlarında uğurlu çıxışım layiqincə qiymətləndirildi VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxış etmək böyük məsuliyyət tələb edir. Burada dünyanın ən yaxşı və güclü idmançıları yarışırlar. Azərbaycanın yeniyetmə idmançıları da bu Oyunlarda layiqli qələbələr qazanıblar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bədii gimnastika üzrə komanda yarışlarının qızıl medalını qazanan Yelizaveta Luzan deyib.
Gimnastımız bildirib: “Çox sevinirəm ki, mənə göstərilən etimadı doğrulda bildim. Yarışlarda sona qədər böyük ruh yüksəkliyi ilə mübarizə aparan yeniyetmələrdən ibarət Olimpiya komandamızın üzvü olduğuma görə fəxr edirəm. Komanda yarışlarında uğurlu çıxışım layiqincə qiymətləndirildi. İlk dəfədir ki, bu cür böyük yarışda iştirak edirəm. Bundan əvvəl Avropa çempionatında özümü sınamışdım. Buenos-Ayresdə keçirilən Olimpiya Oyunları isə formatına görə tamamilə fərqlidir. Fürsətdən istifadə edib, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə və yarışlarda mənə azarkeşlik edərək alqışlarla məni qələbəyə ruhlandıran idmançı dostlarıma və Azərbaycan nümayəndə heyətinin üzvlərinə minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, milli komandamız Olimpiadanı 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medalla başa vurub.
Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər.
Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib.

İdman 2018-10-18 14:40:00

Video