×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl öncə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov, teatr ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət ediblər. Abidə önünə tər çiçək dəstələri düzüblər.
Tədbir iştirakçıları daha sonra Mingəçevir Dövlət Dram Teatrının foyesində sənət ocağının fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxdılar.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət, incəsənət sahəsinə göstərilən dövlət qayğısından danışıb. Nazir qeyd edib ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Bütün bunlar dövlətin bu sahəyə diqqətinin bariz nümunəsidir. “Məhz bu mühüm sənədlərin qəbulu, dövlət proqramı bizə beynəlxalq miqyaslı tədbirlər keçirmək, teatr binalarını əsaslı təmir edib, yenidən qurmaq imkanı yaradır. Bu proses təkcə paytaxt teatrlarını deyil, həm də bölgə teatrlarını əhatə edir”, -deyə nazir vurğulayıb.
Əbülfəs Qarayev Mingəçevir Dövlət Dram Teatrının fəaliyyətindən söz açaraq kollektivin əməyini yüksək qiymətləndirib, teatrın 50 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin Sərəncamını xatırladıb: “Bu gün ölkəmizdə, mədəniyyətimizin digər sahələri kimi, teatr sənəti də inkişaf edir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Yubileyini qeyd etdiyimiz Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. Sənət ocağı 1969-cu ilin martın 28-də Cəfər Cabbarlının “Almaz” əsərinin tamaşaya qoyulması ilə fəaliyyətə başlayıb. Bu illər ərzində yaradıcı kollektiv dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın tamaşa hazırlayıb”.
Nazir vurğulayıb ki, yarandığı gündən repertuarında milli klassik və müasir dramaturgiya nümunələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı Türkiyə, rus və dünya dramaturgiyasına da müraciət edib. Mingəçevir teatrı Azərbaycanda və onun hüdudlarından kənarda fəal mədəniyyət ocağı kimi tanınır. Teatr respublikamızın əksər şəhər və rayonlarına, eləcə də Türkiyə, Gürcüstan və Rusiyaya qastrol səfərləri edib, respublika festivallarının iştirakçısı və qalibi olub.
Əbülfəs Qarayev daha sonra Mingəçevir Dövlət Dram Teatrının əməkdaşlarının mükafatlandırılması haqqında Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamları oxuyub. Həmçinin teatrın bir neçə əməkdaşına nazirliyin fəxri fərmanını təqdim edib.
Nazir sonda bir daha teatrın kollektivini yubiley münasibətilə təbrik edərək hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov yubiley gecəsində çıxış edərək teatrın şəhərin mədəni həyatında mühüm rolundan danışıb. Bildirib ki, Azərbaycan teatrı böyük inkişaf yolu keçib və bu inkişafda Mingəçevir Dram Teatrının da öz yeri var. O, teatrın yubileyinin qeyd olunmasına, teatrın əməkdaşlarına mükafatların verilməsinə görə Mingəçevir sakinləri adından Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib.
İlham İsmayılov teatrın bir neçə əməkdaşına icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.
Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov teatrın kollektivinə təbriklərini çatdırıb. Bildirib ki, ənənələri olan Mingəçevir teatrı bu gün ölkə teatrları arasında öz dəstxəti ilə seçilir.
Azərbaycan Teatr Xadimləri İttifaqı adından teatrın bir neçə əməkdaşına fəxri fərmanlar təqdim edilib.
Yubiley gecəsi daha sonra konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Mingəçevir Dram Teatrında ötən illərdə “Almaz” (C.Cabbarlı), “Hacı Qara” (M.F.Axundzadə), “Eşq və İntiqam”, “Laçın yuvası” (S.S.Axundov), “Həmyerlilər” (A.Məmmədov), “Fərhad və Şirin”, “Vaqif” (S.Vurğun), “Yağışdan çıxdıq yağmura düşdük” (N.B.Vəzirov), “Kəndçi qızı” (M.İbrahimov), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Qətl günü” (Y.Səmədoğlu), eləcə də “Ezop” (Q.Fiqeyredo), “Toros canavarı” (Ə.Nesin), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Ayrılmaq anı” (M.Bayciyev) kimi əsərlər müvəffəqiyyətlə tamaşaya qoyulub, seyrçi rəğbətini qazanıb, mətbuatda geniş işıqlandırılıb. Hüseyn Cavidin “Ana” əsərinin tamaşası isə 2004-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının qərarı ilə klassik dramaturgiyanın uğurlu səhnə təcəssümünə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Mədəniyyət 2018-10-17 18:28:00