×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi küçə və prospektlərində yeni yağış-kanalizasiya xətləri çəkilir, yağış barmaqlıqları quraşdırılır VİDEO

Bakı, 17 oktyabr, AZƏRTAC
İntensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədilə əlavə xətlərin çəkilişi işləri görülür. Bu məqsədlə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından Sabunçu yol qovşağı istiqamətində yağış sularının kənarlaşdırılması üçün əlavə 60 metr uzunluğunda xətt çəkilib və ərazidə yeni yağış barmaqlıqları quraşdırılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, analoji işlər Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində də aparılıb. Burada uzunluğu 325 metr olan əlavə xəttin çəkilişi işləri görülüb. Məqsəd sözügedən ərazidə intensiv yağıntılar zamanı yolun hərəkət hissəsində yığılıb qalan yağış sularının vaxtında kənarlaşdırılmasıdır. Ərazidə əlavə 9 ədəd yeni su qəbuledici barmaqlıq da quraşdırılıb.
Bundan başqa, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması üçün mövcud kiçikhəcmli yağış barmaqlıqları böyükölçülü barmaqlıqlarla əvəz olunur. Bu işlər çərçivəsində ilkin olaraq artıq 40-a yaxın nöqtədə yağış barmaqlığı dəyişdirilib və bu çərçivədə işlər davam etdirilir. Ümumilikdə 100-ə yaxın bu cür barmaqlığın dəyişdirilməsi nəzərdə tutulub.
Aparılan işlər çərçivəsində, həmçinin yol kənarlarında yerləşən yağış barmaqlıqları və yağış-kanalizasiya quyularının içərisi də təmizlənərək ötürücülüyü bərpa olunur.
Kompleks tədbirlərin davamı olaraq, Bakının Qaradağ, Yasamal, Nərimanov, Səbail, Nizami və Binəqədi rayonları, eləcə də Abşeron rayonunun ərazisində yerləşən küçə və prospektlərdə müxtəlif diametrlərə malik 700 poqonmetrdən çox yeni yağış-kanalizasiya xəttinin çəkilməsi və xətt üzərinə 76 ədəd yeni suqəbuledici barmaqlığın quraşdırılması da nəzərdə tutulub.
Ümumilikdə isə son 3 il ərzində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün aparılan kompleks tədbirlər zamanı Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 10 kilometrə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib, əlavə yağış barmaqlıqları quraşdırılıb, yağış və kanalizasiya kollektorlarının olmadığı ərazilərdə də yağış-kanalizasiya sisteminin qurulması işləri aparılıb. Bu zaman xətlər səth sularının axıdılması üçün xüsusi qazılmış quyulara birləşdirilib.

Tikinti̇ 2018-10-17 18:05:00

Video