Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Olimpiya çempionu Yelizaveta Luzan: Fəxr edirəm ki, Bakıya medalla qayıdıram

Bakı, 11 oktyabr, AZƏRTAC

Bu, mənim üçün böyük yarış və məsuliyyət idi. Şadam ki, federasiyamız ölkəmizi təmsil etməyi mənə etibar etdi. Belə böyük yarışlarda ilk dəfədir iştirak edirdim. İndiyədək yalnız Avropa çempionatına qatılıb və orada lentlə hərəkətlərdə finala yüksəlmişdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında komanda yarışlarında qızıl medal qazanan bədii gimnastımız Yelizaveta Luzan deyib.
Gimnast bildirib ki, bu cür komanda yarışı ilk dəfə keçirilirdi. Bu, yarışın çox maraqlı formatıdır. Bu gün fəxri kürsüdə yer almağımız çox xoş hadisə idi. Böyük fəxr hissi keçirirəm ki, Bakıya medalla qayıdıram. İlk növbədə, bizə yarışlarda ölkəmizi təmsil etmək üçün ən yüksək şəraiti yaradan Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdaram. Milli Olimpiya Komitəsinə də təşəkkür etmək istərdim. Eyni zamanda, çıxış etdiyimiz vaxt bizi dəstəkləyən Argentina ictimaiyyətinə minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, milli komandamızın aktivində 2 qızıl və 1 bürünc medal var. Bundan əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.

İdman 2018-10-11 19:13:00