×
A
A
A
Sazlamalar

Azərbaycan Ticarət Evi Latviyada alıcılar toplamaqda davam edir

Riqa, 5 oktyabr, AZƏRTAC

Cari ilin iyulunda Riqada fəaliyyətə başlamış "Azərbaycan Ticarət Evi" "Made in Azerbaijan" brendinin Latviya bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərir.
Ticarət Evindən AZƏRTAC-a bildiriblər ki, bu qısa müddət ərzində Ticarət Evinin sərgi salonunda qoyulan nümunə mallarına diqqət böyükdür. Xüsusən yerli şərablar və kosmetik vasitələr müştərilər tərəfindən maraqla qarşılanır. İndiyədək bir neçə şirkət və otellə artıq ilkin danışıqlar aparılıb. “İnsanlar buranı mağaza bilib alış-veriş üçün gəlir. Bu böyük marağı nəzərə alaraq elə sərgi salonunun nəzdində satış da təşkil etməyi planlaşdırırıq. Bu yəqin ki, gələn il reallaşacaq”,- deyə Ticarət Evindən bildiriblər.
Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri və kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Biznes 2018-10-05 15:10:00