×
A
A
A
Sazlamalar

Dini radikalizmlə mübarizədə dini icmaların və gənclərin üzərinə böyük vəzifə düşür

Bakı, 4 oktyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə keçirilir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhruz Rüstəmov Tovuzdakı dini durum barədə məlumat verib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən danışıb.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dini dəyərlərimizin dirçəlməsinə yönəldiyini, onun milli-mənəvi dəyərlərimizə hər zaman hörmət və qayğı ilə yanaşdığını vurğulayıb. Bildirib ki, bu nümunəvi siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsinin, dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulmasının nəticəsi olaraq bu gün ölkəmizdə dini baxımdan stabillik mövcuddur. Səyyad Salahlı respublikamızda dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi sahəsində görülən işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
DQİDK sədrinin birinci müavini, eyni zamanda, xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, dini radikalizmlə mübarizədə dini icmaların və gənclərin üzərinə böyük vəzifə düşür.
S.Salahlı İslamın zorakılığa, terrorizmə qarşı olduğunu və insanlar arasında sevgini, hörməti, anlayışı təbliğ etdiyini vurğulayıb. O, cəmiyyət üçün təhlükəli olan zərərli dini ideologiyaların yayılmasının qarşısının alınması üçün dini maarifləndirməyə böyük ehtiyac olduğunu bildirib və radikalizmlə mübarizədə dini icmaları və din xadimlərini fəal olmağa çağırıb.
Tovuz rayon məscidi dini icmasının sədri Nəriman İbayev isə çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edib.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Din 2018-10-04 20:03:00