×
A
A
A
Sazlamalar

Gəncədə keçirilən konfransda dini radikalizmə qarşı mübarizədə qadınların rolundan danışılıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz işinə başlayıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DQİDK-nın rəsmi nümayəndələri, şəhərin idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar, eyni zamanda, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Regional konfransı giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, bütün dinlərə diqqət və qayğı göstərilir. Diqqətə çatdırıb ki, ölkəmizdə mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Şöbə müdiri, həmçinin dini maarifləndirmə sahəsində görülən işlərdən danışıb.
Daha sonra Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini radikalizm: mahiyyəti, tarixi, təzahür formaları və onunla mübarizə” adlı təqdimatla çıxış edib. E.Kərimova dini radikalizm anlayışı, dini radikalizmin yaranma səbəbləri, yayılma mühiti, dini radikalların insanları öz sıralarına cəlbetmə üsulları haqqında ətraflı məlumat verib.
Bildirib ki, bu gün İslam dininin adı ekstremizmlə, radikalizmlə birlikdə çəkilir. Sülh, barış, mərhəmət dini olan İslamın adı terrorizmlə eyniləşdirilir. Ümumiyyətlə Allah tərəfindən göndərilən bütün dinlərin sevgini, mərhəməti, sülhü təbliğ etdiyini qeyd edən E.Kərimova istər “Qurani-Kərim”də, istər Tövratda, istər İncildə şiddət, zorakılığın lənətləndiyini, qadağan olunduğunu söyləyib.
Vurğulayıb ki, mənfi təsirlərdən qorunmaq, radikalizmin qurbanına çevrilməmək üçün İslamın əsl mahiyyətini öyrənmək, İslami dəyərləri olduğu kimi mənimsəmək vacibdir. İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik, sülh ideyalarını bir daha diqqətə çatdıran E.Kərimova müsəlmanların bu gün həmrəylik içində radikalizmlə mübarizə aparmalarının zəruriliyini vurğulayaraq bu işdə cəmiyyətin bütün təbəqələrinin, xüsusən qadınların roluna diqqəti çəkib. Dini radikalizmə qarşı mübarizədə və maarifləndirmədə qadınların xüsusi rolu olduğunu deyən şöbə müdiri hər bir qadının təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini biliklərə malik olmasının, milli-mənəvi dəyərlərimizə bağlılığının cəmiyyətin sağlam gələcəyinin təminatı olduğunu qeyd edib.
Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva isə “Dini təbliğat və sosial şəbəkələr” adlı təqdimatla çıxış edib. Bildirib ki, dini radikalizm İslam dininin təbliğ etdiyi dəyərlərlə tamamilə ziddiyyət təşkil edir. Şöbə müdiri dini radikalizmə qarşı mübarizədə xalqımıza məxsus milli-mənəvi dəyərlərin təbliğinin güclü vasitə olduğunu vurğulayıb. Y.Əliyeva cəmiyyətimizə yad olan dini ideologiyaların yayılmasında sosial şəbəkələrin mühüm rola sahib olduqlarını təəssüflə diqqətə çatdırıb. O, son illər gənclər arasında sosial şəbəkələrin populyarlaşmasının onların aktivliyini artırmaqla yanaşı, mənfi meyillərə də yol açdığını deyib. Dini ekstremizmlə mübarizənin müasir dövrün sosial problemi olduğunu deyən Yaqut Əliyeva son dövrlərdə sosial şəbəkələrdə terror və ekstremistyönümlü materialların açıq şəkildə yayıldığını bildirib. Əlavə edib ki, sosial şəbəkələrin imkanlarından istifadə etməklə dini ekstremist çağırışlar edən, məzhəblərarası və konfessiyalararası münasibətlərə ciddi zərbə vuracaq təhrikedici materialların sayı artıb. Şöbə müdiri, eyni zamanda, gəncləri bu mənfi tendensiyanın təsirlərindən qorumağın vacibliyinə toxunub.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan “Şəhadət” sənədli filmi nümayiş olunub.

Din 2018-10-03 18:23:00