×
A
A
A
Sazlamalar

ASK-də beynəlxalq ekspertlərin iştirakı ilə təlim keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC 

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə “Azərbaycanda effektiv işəgötürənlər təşkilatı” mövzusunda keçirilən dördgünlük təlim başa çatıb.
ASK-dan AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Tədris Mərkəzində işəgötürənlərin fəaliyyət proqramları üzrə meneceri Xorxe İllinqvort və BƏT-in Moskva bürosunun işəgötürənlərin fəaliyyəti üzrə baş mütəxəssisi Vladimir Çuroviç tərəfindən keçirilən təlim kursunda üzvlüyün inkişaf etdirilməsi, üzvlərə keyfiyyətli və davamlı xidmətlərin təqdim olunması, daxili və xarici kommunikasiyanın səmərəli idarə olunması, daha yaxşı iş mühiti üçün lobbiçilik və üzvlərin hüquqlarının müdafiə edilməsi kimi məsələlər əhatə olunub.
İşəgötürənlər birlikləri və biznes assosiasiyalar üçün nəzərdə tutulan təlimdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyi, Azərbaycan Tikinti Materiallarının İstehsalı və İxracı Assosiasiyası, Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi, “Gənc Mühasiblər” İctimai Birliyi, Azərbaycan İdarəetmə Assosiasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Biznes 2018-10-01 11:08:00