×
A
A
A
Sazlamalar

Biləsuvarda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DQİDK sədrinin müavini Gündüz İsmayılov, Biləsuvar RİH başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının gənc üzvləri, eləcə də orta məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısının müavini Ləman Yüzbaşova mövzunun əhəmiyyətindən danışıb, rayondakı dini durum barədə məlumat verib. O, Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə rayon və şəhərlərdə ardıcıl olaraq “dəyirmi masa”ların və konfransların keçirilməsini yüksək qiymətləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, dini tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, respublikamızda dövlət-din münasibətləri “Dini etiqad azadlığı” haqqında Qanun və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Ölkəmizdə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. G.İsmayılov vurğulayıb ki, tarixən Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri bir ailə kimi yaşamış və yaşayırlar. Ölkəmizdə milli və ya dini zəmində heç vaxt qarşıdurma olmayıb.
DQİDK-nın sədr müavini çıxışında dini radiklalizm və ona qarşı mübarizə tədbirlərindən də söhbət açıb. Bildirib ki, gəncləri radikal dini qruplara cəlb etmək üçün təsir altına salmağa, din pərdəsi altında özlərinin iqtisadi və digər maraqlarını təmin etməyə, bütövlükdə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik fəaliyyətə rast gəlinir. Onun sözlərinə görə, bu cür halların qarşısı bütün qanuni vasitələrlə alınır və bundan sonra da alınacaq. Dövlət Komitəsi radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının tərəfdarıdır. O, eyni zamanda, müasir gəncliyimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb, bu sahədə xüsusən bölgələrdə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görüldüyünü bildirib.
Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Biləsuvar rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov çıxışlarında qeyd ediblər ki, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinə xüsusi diqqət yetirilməlidir.
Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Din 2018-09-28 20:08:00