Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mübariz Qurbanlı: Yaxın gələcəkdə məktəblərdə müxtəlif dinlərlə bağlı dərs keçiləcək

Bakı, 27 sentyabr, AZƏRTAC

Orta məktəbi bitirən şagirdlər yalnız İslam dini haqqında deyil, eləcə də digər dinlər barədə də məlumatlı olmalıdırlar. Yaxın gələcəkdə "Həyat bilgisi" fənnində müxtəlif dinlər haqqında məlumatların daha geniş şəkildə şagirdlərə çatdırılması istiqamətində işlər gedir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, kitablarda bu barədə məlumatlar var, sadəcə, bu, daha da genişləndiriləcək. Bəzi insanlar elə bilirlər ki, orta məktəblərdə şagirdlərə mədrəsə səviyyəsində və ya din xadimləri kimi din öyrədiləcək. Ancaq bu cür olmayacaq.
Sədr, həmçinin əlavə edib ki, Bakıda və digər bölgələrdə yeni İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə danışıqlar aparılır.
Komitə sədri bildirib ki, Azərbaycanda məscidlərdə çalışan imamlar və din xadimlərinin say məsələsi tamamilə elmi cəhətdən araşdırılıb. Məscidlərdə olan din xadimlərinin hazırlığında rəqəmlərin həddindən artıq böyük olmasına ehtiyac yoxdur. Misal olaraq, İlahiyyat İnstitutu 60 tələbə qəbul edirsə, kolleclər də 15 tələbə qəbul edəcək. Bu da din sahəsində olan tələbatı ödəyə biləcək. Kolleclər də pulsuz olacaq. Məqsəd ölkədə gənclərin din sahəsində bilikləri xaricə getmədən əldə etməsidir.

Din 2018-09-27 16:22:00