×
A
A
A
Sazlamalar

Azərbaycanla Rusiya kiçik və orta biznes sahəsində təcrübələrini bölüşüblər YENİLƏNİB

Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanla Rusiya kiçik və orta biznes sahəsində təcrübələrini bölüşüblər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq” mövzusunda “dəyirmi masa” təşkil edilib.
“Dəyirmi masa”da çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, bu sahəyə göstərilən dövlət dəstəyi barədə məlumat verib. O qeyd edib ki, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara bir sıra xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə göstərdikləri xidmətlərin əlaqələndirilməsidir.
Agentlik tərəfindən görülən işlər barədə danışan Orxan Məmmədov qeyd edib ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 2025-ci ilədək Azərbaycanda KOB-un payı ÜDM-də 35 faizə, məşğulluqda 40 faizə, ölkənin qeyri-neft ixracında isə 25 faizə çatdırılacaq.
Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın icraçı direktoru Aleksandr Braverman isə Rusiyada kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə danışıb, belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını deyib.
“Dəyirmi masa”da Azərbaycan və Rusiya tərəfindən rəsmi şəxslər, eləcə də İKT, qida və kimya sənayesi, tikinti, sığorta, maliyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes 2018-09-27 12:25:00