×
A
A
A
Sazlamalar

“Saudi Aramco” neft ticarətini 50 faiz artırmağı hədəfləyir

Bakı, 25 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” 2020-ci ilə qədər neft ticarətini 50 faiz artırmağı planlaşdırır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Saudi Aramco”nun icraçı direktoru İbrahim Ebu Ayneyn deyib.
O bildirib ki, 2020-ci ilədək şirkətin neft hasilatının 6 milyon barrelə çatacağı gözlənilir: “Saudi Aramco” Sinqapurdakı ofisi vasitəsilə mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin həcmini artırmaq istəyir”.
Qeyd edək ki, “Saudi Aramco” qarşıdakı 10 ildə kəşfiyyat, qazma və digər layihələrə 133 milyard dollar xərcləyəcək. Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi çalışır.

Dünya 2018-09-25 14:09:00