×
A
A
A
Sazlamalar

Azərbaycanlı tədqiqatçının Ukraynada kitablarının təqdimatı olub

Kiyev, 25 sentyabr, AZƏRTAC

Kiyev şəhərində Səməd Vurğun adına kitabxanada azərbaycanlı tədqiqatçı, tanınmış publisist, politoloq Teymur Atayevin kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, müəllifin “Rusiya, Ukrayna, Belarus və Baltikyanı ölkələrin əraziləri uğrunda geosiyasi mübarizənin tarixi” adlı kitabının Ukrayna dilində, “Ukraynada İslam: keçmiş, indi və gələcək” adlı kitabının isə rus dilində təqdimatı olub.
“Ukraynada İslam: keçmiş, indi və gələcək” adlı kitab Ukraynadakı müsəlman icmasının tarixi və müasirliyinə həsr edilib. Eyni zamanda, kitabda 10 əsrdən artıq zamanda Ukraynada İslam dininə sitayiş edən etnik ukraynalılar və digər xalqların birgə keçdiyi tarixi yolu əks etdirən mühüm hadisələr və proseslərlə bağlı qeydlər yer alıb.
T.Atayevin sözlərinə görə, Bakıda yanvar hadisələri haqqında xarici ölkələrin oxucularını məlumatlandırmaq üçün tarixi ətraflı öyrənməyə başlayıb. “Hər şey qarşılıqlıdır və müəyyən proseslərin izahı üçün tarixi siyasi proseslərə geri qayıtmaq lazımdır, bu səbəbdən də mən kitab və tədqiqatlar üzərində işləməyə başladım”, - deyə T.Atayev bildirib.
O deyib: “Ukrayna və Azərbaycan tarixlərinə, həmçinin çoxmillətlilik və tolerantlığa görə çox oxşardırlar”.
Tədbirdə yazıçılar, jurnalistlər, ictimai xadimlər, professorlar, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, T.Atayev Kiyev, Odessa, Ostorq və Lvovun müxtəlif Universitetlərində mühazirələr oxuyur.
Kitabların növbəti təqdimatı İslam Mədəniyyət Mərkəzinin dəstəyi ilə Lvov Kitab Forumunda keçiriləcək.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Cəmiyyət 2018-09-25 13:17:00