×
A
A
A
Sazlamalar

BMT 2030-cu ilə qədər olan dövrdə davamlı inkişafın maliyyələşdirilməsi təşəbbüsünə start verib VİDEO

Vaşinqton, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində 2030-cu ilə qədər olan dövrdə davamlı inkişafın maliyyələşdirilməsi məsələsinə dair yüksək səviyyəli görüş başlanıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş tədbir barədə bəyanatında deyib: “Dünya dövlətləri Davamlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsini genişləndirməlidirlər. BMT də öz tərəfindən, inkişaf etməkdə olan ölkələri bundan sonra da dəstəkləyəcək və onların daxili resurslarının səfərbər olunmasına kömək edəcək”.
BMT-nin rəhbəri beynəlxalq birliyi qeyri-qanuni maliyyə axınlarına, pulların yuyulmasına və vergilərdən yayınmağa qarşı mübarizəyə yönəlmiş daha təsirli tədbirlər görməyə çağırıb. Baş katibin sözlərinə görə, belə hərəkətlər maliyyə vəsaitlərinin inkişaf etməkdə olan ölkələrdən kənara axmasına gətirib çıxarır.
Dövlət və hökumət başçılarının, özəl sektordan olan aparıcı investorların, maliyyə texnologiyaları və fondlar sahəsində novatorların yüksəkvəzifəli nümayəndələrinin iştirak etdiyi yüksək səviyyəli iclası BMT-nin baş katibi Antonio Quterreş açıb. Sonra Beynəlxalq Valyuta Fondunun (BVF) idarəçi direktoru Kristin Laqard çıxış edib.
Cənab Quterreş bəyan edib ki, bu tədbir bütün səviyyələrdə dinamikanı və siyasi dəstəyi artırmağa; özəl sektorla qarşılıqlı fəaliyyəti gücləndirməyə və davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi üçün innovasiyalı qərarlardan istifadə olunmasına xidmət edəcək. Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi ilə bağlı bu və digər mühüm məsələlərin müzakirəsində Kanadanın Baş naziri Castin Trudo, Barbadosun Baş naziri Mia Amor Mottli, İndoneziyanın vitse-prezidenti Yusuf Kalla və digər yüksəkvəzifəli şəxslər çıxış ediblər.
Məlum olduğu kimi, davamlı inkişaf sahəsində 17 məqsəd 2016-cı il yanvarın 1-dən qüvvəyə minib. 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf sahəsində Gündəlikdə şərh edilmiş məqsədlər 2015-ci ilin sentyabrında BMT-nin tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilib. Bu universal yeni hədəflərə qarşıdakı 15 il ərzində nail olmaq nəzərdə tutulur. Bu müddətdə ölkələr bütün formalarda yoxsulluğun kökünün kəsilməsinə, qeyri-bərabərliyə qarşı mübarizəyə, iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə və heç kəsin unudulmamasını təmin etməyə yönəlmiş səylərini fəallaşdırırlar. DİM-in əsasını Minilliyin İnkişaf Məqsədləri təşkil edir. Yeni məqsədlərin unikallığı ondan ibarətdir ki, onlar bütün ölkələri – yoxsul, zəngin və orta gəlirli dövlətləri planetimizin firavanlaşmasına və eyni zamanda, onun qorunmasının təmin olunmasına kömək etməyə çağırır. Etiraf edilir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artıma kömək edən və bir sıra sosial ehtiyacların, o cümlədən təhsil, səhiyyə, sosial müdafiə sahəsində tələbatın və məşğulluğun təmin edilməsinə, iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə, ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəlmiş strategiyaların həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. DİM hüquqi baxımdan məcburi qüvvəyə malik omasa da, nəzərdə tutulur ki, hökumətlər bu 17 hədəfə nail olmaq məsuliyyətini öz üzərinə götürəcək və müvafiq milli mexanizmlər yaradacaqlar.
Bu proses yüksək səviyyəli görüşdən sonra da davam edəcək. 2018-ci və 2019-cu ildə daha bir neçə tədbir keçirilməsi planlaşdırılır.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2018-09-25 12:50:00

Video